“Rusiya sülh sazişinin imzalanması prosesini pozmaqda birbaşa maraqlıdır”.
“Kreml Brüssel prosesinə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması ilə bağlı planın tərkib hissəsi kimi yanaşır.”
Bu fikirləri siyasi şərhçi Elçin Xalidbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib.
Onun fikirlərinə görə sülh müqaviləsinin bağlanması bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin, o cümlədən də, Rusiyanın maraqlarına qətiyyən cavab vermir:
“Ermənistanın atdığı bütün addımlar məqsədyönlü təxribat xarakteri daşıyır. Azərbaycanla sərhəd bölgəsində atəşkəsin pozulması da Paşinyan hakimiyyətinin təxribatları sırasına daxildir. Əsas məqsəd Brüsseldə keçiriləcək növbəti görüş ərəfəsində regionda hərbi-siyasi vəziyyəti gərginləşdirməkdir.
Yaxın iki ay ərzində Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması gözlənilir. Ancaq bu sənədin imzalanması hazırda bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin, o cümlədən də, Rusiyanın maraqlarına qətiyyən cavab vermir. Kreml Brüssel prosesinə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması ilə bağlı planın tərkib hissəsi kimi yanaşır. Çünki, sülh sazişi imzalanarsa, Rusiyanın Ermənistandakı hərbi bazasına və Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan rus sülhməramlılara elə bir ehtiyac qalmayacaq. Və Rusiya tədricən regionu tərk etmək məcburiyyətində qalacaq.
Ona görə də, Rusiya sülh sazişinin imzalanması prosesini pozmaqda birbaşa maraqlıdır. Digər tərəfdən, Fransada Ermənistanın hərbi-siyasi təxribatlar törətməsinə önəm verir. Minsk Qrupunun ləğv edilməsindən sonra Cənubi Qafqazın qapıları arxasında qalan Fransa regionda Ermənistanın təxribatları sayəsində yerləşmək niyyəti güdür. Bu baxımdan, Ermənistanın bütün təxribatlarının xaricidən sifariş olunduğu qətiyyən şübhə doğurmur. Əsas məqsəd sülh prosesini pozmaqdan ibarətdir.”
Medianews.az
Azadova Ayşən