“Meta” şirkətinə məxsus olan vatsap mesencerinin fəaliyyətində problem yaşanıb.
Hazırda istifadəçilər mesencer vasitəsilə mesaj göndərə bilmirlər.
Azərbaycanla yanaşı, dünyanın əksər ölkələrində də istifadəçilər mesencerdə mesaj göndərməyin mümkün olmadığından şikayətlənirlər. Hələlik şirkət bununla bağlı rəsmi açıqlama yaymayıb.
Mövzu ilə bağlı tanınmış texno-bloqqer Fərid Pərdəşünas Medianews.az-a danışdı. Bildirdi ki, yaranan problem qlobaldır:
“Hələ ki, bununla bağlı rəsmi açıqlama yoxdur. Lakin görünən odur ki, problem qlobaldır. Bütün dünyada vatsap istifadəçiləri bundan şikayətçidir. Vatsap dünyanın heç bir yerində işləmir.
Qısa müddətdə bərpa olunacaq. Səbəblər texniki nazasazlıq və serverlərlə bağlı ola bilər”.
Qeyd edək ki, problemlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:
“Hal-hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır”.
Medianews.az