Ermənistan parlamentinin müxalifətçi deputatı, daşnaksakan Qeqam Manukyan baş nazir Nikol Paşinyanı yalan danışmaqda ittiham edib.
Medianews.az erməni mətbuatına istinadən xəbər verir ki, Manukyan baş nazirin Anti-Korrupsiya Komitəsindəki çıxışında 44 günlük müharibə zamanı raketlərin “idarəetmə lövhəsinin oğurlanması varlanmaq üçün imiş” fikirlərinin əsassız olduğunu deyərək əslində, bu insidentin 2019-cu ildə baş verdiyini vurğulayıb.
“Bir müddət əvvəl jurnalistlərdən öyrəndim ki, Ermənistan Silahlı Qüvvələrini ləkələmək və məğlubiyyət yükünü öz çiyinlərindən atmaq məqsədilə Nikol növbəti yalan bəyanat verib. Təxminən dediklərindən belə anlaşılır: “Onlar hər dəfə hansısa problemi həll etmək istəyəndə bunun üçün alət olmur, ya da bu alətin şablonu var, lakin işlək mexanizmi yoxdur. Biz müharibədən sonra təxmin edirdik ki, raketlərin idarəetmə mexanizmindəki bəzi detalların tərkibində qızıl olduğu üçün onlar oğurlanıb. Biz indi bunun təsdiqini görürük”. Bu bəyanatdan sonra Ermənistan ictimaiyyətində belə bir təəssürat yaranacaq ki, baş nazir çıxılmaz vəziyyətdə olub, çünki müharibə zamanı belə orduda oğurluq olub”, – deyə müxalifətçi bildirib. Manukyanın sözlərinə görə, baş nazir bəyanatında heç bir silahın adı çəkilmir.
Deputat bildirib ki, baş nazir guya C – 300 raket sistemi haqqında danışıb.
“Lakin məlum olduğu kimi, bu faktın heç bir sübutu yoxdur. Mən 24 noyabr 2021-ci il tarixində Ermənistanın Baş Prokurorluğuna yazılı sorğu göndərərək, baş nazirin yuxarıda vurğuladığı kimi, C-300 raket sistemlərindən tərkibində qızıl olan elektron lövhələrin oğurlanması ilə bağlı cinayət işinin olub-olmadığını öyrənmək istəmişəm. Ümumiyyətlə, bu məsələdə hansısa şübhəli məqamlar, şəxslər, məsuliyyətə cəlb olunan və ya məhkəmə hökmü varmı?
Hərbi prokurorun müavini Q. Akopyan hələ 2019-cu ildə belə bir cinayət işinin başlandığını rəsmən cavablandırıb. Lakin o, bu işdə kiminsə konkret ittiham olunub-olunmadığı sualına cavab verməkdən yayınıb. Əgər belə bir ittiham edilən şəxs olsaydı cavab verərdilər”, – deyə Manukyan qeyd edib.
Onun sözlərinə görə, Paşinyanın indiki açıqlaması da yalandır və onun yalanları sonsuzdur.
Zəfər