Oktyabrın 25-i Qubadlının erməni işğalçılarından təmizlənməsindən iki il ötür. İki il əvvəl bu günü Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verərək insanlara sevinc bəxş etdi. Çünki məhz həmin Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın bir müddətdən sonra üçrəngli bayrağımızı Qubadlı şəhərində qürurla dalğalandırdı.
Mövzu ilə bağlı Medianews.az-a danışan millət vəkilləri rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanıldığını və ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı infrastrukturun bərpası işləri də davam etdirildiyini bildirdi.
Milli Məclisinin deputatı Azər Badamov bizimlə söhbətində iki il əvvəl Qubadlının azad olunmasının bizi qələbəyə bir addım da yaxınlaşdırdığını qeyd etdi: “İki ildir ki, xalqımız böyük qələbənin bəxş etdiyi bu əhval- ruhiyyəni yaşayır. 30 il torpaqları işğala məruz qalmış bir xalq olaraq bu acının nədən ibarət olduğunu yaxşı bildik. Qaçqın və keçmiş məcburi köçkünlərimizin yaşadıqları ağır günlərin şahidi olmuşuq. Ölkəmizin hər bir vətəndaşı torpaqları erməni tapdağından azad edilməsində Ali Baş Komandanın səfərbərlik qərarını gözləyirdi. Nəhayət, 27 sentyabrda başlanan Vətən müharibəsində hamı bir nəfər kimi milli birlik və həmrəylik nümayiş etdirərək mübarizəyə qoşuldu. Təbii ki, Azərbaycanın güclü ordusu qarşısında düşmən duruş gətirə bilməzdi. Müharibənin ilk günündən başlayaraq yaşayış məntəqələrimiz azad olunmağa başlandı. Hər axşam hamı televiziya qarşısına keçərək Ali Baş Komandanın xoş müjdəli çıxışını, gün ərzində sosial şəbəkə üzərindən “tvitlərini” gözləyirdi. Oktyabrın 25-də Qubadlının azad olunması ilə bağlı xəbər gəlişi bütün xalqımızı sevindirdi. Çünki Qubadlının azad olunması həm də müharibənin gələcək taleyini həll etmək baxımından vacib idi. Bu yaşayış məntəqəsinin azad olunması bizi qələbəyə bir addım da yaxınlaşdırdı. Artıq iki ildir ki, Qubadlı azaddır. Ötən müddət ərzində Qubadlı rayonu ərazisinin minalardan təmizlənməsi və bir çox infrastruktur layihələrin təməli qoyulması istiqamətində addımlar atıldı. Qubadlı yenidən tikilir və öz sakinlərini qarşılamağa hazırlaşır. Hesab edirəm ki, Qubadlıda və digər azad olunmuş rayonlarda icra olunan tikinti layihələri tezliklə başa çatdırılacaq və keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdaraq firavanlıq içində əbədi yaşayacaqlar”.
Milli məclisinin deputatı Hikmət Babaoğlu isə qeyd etdi ki, Qubadlı rayonu Şərqi Zəngəzur iqtisadi rayonun ən mühüm məntəqələrindən biridir:
“Qubadlı hərbi, strateji, coğrafi mövqeyinə görə digər ərazilərimizin işğaldan azad olunması üçün də mühüm əhəmiyyət kəsb edirdi. Vətən müharibəsi boyu əldə etdiyimiz silsilə qələbələr fonunda Qubadlı rayonunun işğaldan azad olunması mənəvi- psixoloji baxımdan Azərbaycan xalqında və ordumuzda böyük bir üstünlük yaradırdı.
Araz boyu ərazilərdən yuxarı qalxdıqca, doğma Laçına, Şuşaya yaxınlaşdıqca coğrafi relyef üzrə yüksəklikdə olan yaşayış məntəqələrinin, yurd yerlərimizin azad olunması həm də mühüm hərbi üstünlük yaradırdı. Bu baxımdan Qubadlının azad edilməsi növbəti qələbələrimiz üçün zəmin yaratmış oldu.
Artıq 2 ildir ki, Qubadlı rayonu işğaldan azad olunub. Son iki illik dövrə nəzər salmaq lazımdır. Biz bir daha tarixi yaddaşımızın dərinliklərinə enərək nəyə görə gözəl yurd yerlərimizin işğal olunduğunu axtarmalıyıq.
Xalq olaraq özümüzə hesabat verməliyik ki, nə üçün Azərbaycan torpaqlarının 20 faizi işğala məruz qaldı? Biz bunun səbəblərini öyrənək və nəticələr çıxaraq. Həm də bu böyük qələbə yolunaa diqqət salaq. Bu mürəkkəb tarixi mərhələdə çətin relyefi olan ərazidə 44 gün ərzində böyük qələbələr əldə etdiyimizə və buna hansı yollarla nail olduğumuza diqqət yetirək. O, zaman Azərbaycan xalqı 30 illik müstəqillik tarixinin nə qədər keşməkeşli, hansı səhvlərlə, amma həm də doğrularla dolu olduğunu görərik.
Bunun üçün də şübhəsiz ki, 1993-cü ildən Azərbaycanda sözün əsil mənasında müstəqilliyin yenidən bərpa olunması və dövlət quruculuğu prosesinin ordu quruculuğunun aparılması istiqamətində atılan addımları, Azərbaycan dövləti tərəfindən vaxtında düzgün alınan qərarları, iqtisadi, siyasi müstəqilliyimizi, hərbi sənayemizi, güclü ordumuzu, həyata keçirdiyimiz böyük beynəlxalq layihələri Azərbaycanın beynəlxalq nüfuzunu bir daha gözdən keçirməliyik.
Bütün bunlar vətən müharibəsində bizə qələbə bəxş edən faktorların məcmusudur.
Bu gün Qubadlının işğaldan azad olunmasının 2 ilini qeyd edərkən, bu təntənəni yaşayarkən bir daha milli yaddaşımızı yeniləmək üçün keçdiyimiz yolları unutmamalıyıq ki, bir daha vətən torpağının bir qarışı da düşmən tapdağı altına düşməsin”.
Milli məclisin deputatı Aydın Mirzəzadə Qubadlının azad olunmasını Azərbaycanın vətən uğrunda qələbəsinin yeni bir səhifəsi hesab edir:
“Rayon coğrafi cəhətdən mürəkkəb ərazidə yerləşir. Ermənistan silahlı qüvvələri 30 il işğal dövründə, digər bölgələr olduğu kimi Qubadlını da əlləridnə saxlamaq üçün güclü istehkam sistemi qurmuşdu. Bununla belə Azərbaycan Ordusunun yüksək hazırlığı, əsgərlərimizin qəhrəmanlığı Qubadlını azad etməyə və Ermənistana növbəti zərbəni vurmağa imkan verdi. Bunun ardınca digər torpaqlarımızın da işğaldan azad edilməsi xəbərlərini eşitdik. Azərbaycan Ermənistanın işğalına son qoydu.
İndi bütün ərazilərimizdə suverenliyin tamamilə bərpa edilməsi üçün addımlar atılır. Bütün dünya Azrbaycan xalqının öz torpağına bağlılığının, vətən sevgisinin şahidi oldu. Bu 1000 illik tariximiz, mədəniyyətimiz, Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkün oldu”.
Milli Məclisin deputatı Kamilə Əliyeva işğal dövründə Ermənistan rəhbərliyi tərəfindən xaricdən gələn ermənilərin Qubadlı rayonunun Xanlıq kəndində qeyri- qanuni məskunlaşdırdığını bildirdi:
“Qədim Azərbaycan diyarı olan Zəngəzur bölgəsinin Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun 30 min sakini məcburi köçkün düşərək respublikamızın müxtəlif şəhər və kəndlərində məskunlaşdırılıb. Rayon ərazisində mövcud olmuş 7 278 fərdi yaşayış evi, 7 məscid, çox sayda sosial obyektlər, körpülər, kənd təsərrüfatı obyektləri ermənilər tərəfindən tamamilə dağıdılıb”.
Onun sözlərinə görə, Qubadlı rayonu Azərbaycanın cənub-qərbində yerləşir və faydalı qazıntılarla zəngindir: “Qubadlı rayonu Laçın, Xocavənd, Cəbrayıl, Zəngilan rayonları, eləcə də 120 km məsafədə Ermənistan ilə həmsərhəddir. Ərazisinin əksər hissəsi dağlıqdır, kəndləri demək olar ki, Həkəri və Bərguşad çayları ətrafında yerləşir. Qubadlı rayonunun torpaqları çox münbit və məhsuldardır. Rayonda 79 812 hektar torpaq fondu mövcud olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə zəngindir. Qubadlı rayonunun kəndlərində mərmərləşmiş əhəng daşı və bir çox qiymətli yataqlar mövcud olub”.
K.Əliyeva qeyd etdi ki, Cenevrə Konvensiyasına əsasən işğal edilən ərazilərdə qanunsuz məskunlaşdırma aparan ölkə cinayət törətmiş hesab olunur: “Qubadlı ərazisində Ermənistan ordusu güclü istehkamlar qurub, rayonu işğaldan azad etmək uğrunda Azərbaycan Ordusu xüsusi qəhrəmanlıq göstərib. Düşmən yüksəkliklərdə istehkam quraraq Azərbaycan hərbiçilərini atəş altında saxlayıb.
Ordumuz ilk olaraq yüksəklikdə yerləşən erməni ordusunun hərbi texnikalarını və canlı qüvvələrini məhv edərək hakim yüksəklikləri ələ keçirdi. Azərbaycan Ordusunun zabit və əsgərlərinin peşəkarlığı, fədakarlığı və qəhrəmanlığı nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi və şəhər tamamilə nəzarətimizə keçdi. Noyabrın 9-nadək Qubadlı şəhəri də daxil olmaqla 41 kəndi işğaldan azad edildi.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 15 209 hərbi qulluqçusu “Qubadlının azad edilməsinə görə”medalı ilə təltif edilib. Bu gün Zəngilandan Qubadlıya, Laçına ən müasir tələblərə uyğun yollar çəkilir. Prezident İlham Əliyev 2020 və 2021-ci illərdə Qubadlıya səfərlər edib, rayon ictimaiyyəti ilə görüşlər keçirib. Dövlət başçısı “Qubadlı” yarımstansiyasının, eləcə də Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib. Qubadlı şəhəri və kəndləri yenidən qurulacaq. Qubadlı, tarixi keçmişi və memarlığı nəzərə alınmaqla ən müasir bir rayona çevriləcək”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb.
Xəyalə Rəis
MediaNews.az