İsveç magistrallarında nəqliyyat vasitələrinin sürətini müəyyən edən 150 kameranın oğurlandığı bildirilib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin dövlət televiziyası SVT son 4 ayda magistral yollarda ümumi dəyəri təxminən 3 milyon 500 min dollar olan qabaqcıl xüsusiyyətlərə malik 150 kameranın oğurlandığını bildirib.
“Aftonbladet” qəzeti oğurlanan kameraların Ukraynada vurulan Rusiya pilotsuz uçuş aparatlarında (PUA) istifadə edildiyini iddia edib.
İsveç Nəqliyyat İdarəsindən verilən açıqlamada son günlər magistral yollarda artan kamera oğurluğunda şübhəlilərin heç bir izinə rast gəlinmədiyi, kameraların gecə yarısı oğurlandığı və araşdırmaların davam etdiyi qeyd edilib.
Müdafiə Akademiyasının müdafiə silahları üzrə mütəxəssisi Hans Livanq bu kameraların Rusiya PUA-larında istifadə edilməsinin qeyri-mümkün olduğuna diqqət çəkərək, “Oğurlanmış kameraları Rusiya PUA-larına quraşdırmaq üçün vaxt çox azdır, belə bir imkan yoxdur. Çox güman ki, oğurlanan kameralar qara bazarda satılıb”. ifadələrini işlədib.
İsveç Kəşfiyyat İdarəsi oğurluqları təsdiqləyərkən məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Yusif Ziya
Medianews.az