Rusiya prezidenti Vladimir Putinin Türkiyədə Avropa üçün təbii qaz mərkəzi qurmaq istədiyini açıqlaması ABŞ-ın böyük reaksiyasına səbəb olub.
Medianews.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Rusiyanın “Şimal axını”ndan göndərilə bilməyən təbii qazı Qara dəniz üzərindən göndərə biləcəyi, hətta Avropa üçün Türkiyədə təbii qaz mərkəzi də yaradıla biləcəyi sözləri gündəmi zəbt edib.
“Müttəfiqlərimizi enerji mənbələrini şaxələndirmək və Rusiyadan enerji asılılığını azaltmaq üçün addımlar atmağa çağırırıq” deyən ABŞ Dövlət Departamentinin nümayəndəsinin müavini Vedant Patel, Türkiyəyə qarşı sanksiya eyhamları da edib.
“Biz Türkiyəyə, müttəfiqlərimizə və tərəfdaşlarımıza açıq şəkildə bildirdik ki, heç kim Rusiyanın qeyri-qanuni aktivləri və ya əməliyyatları üçün təhlükəsiz sığınacaq olmamalıdır və bunu hər zaman deməyə davam etdirəcəyik”, – deyə ABŞ rəsmisi bildirib.