“Bu pilotsuz təyyarələrin dəhşətli hücumları Ukraynaya artan dəstəyin aktuallığını vurğulayır” deyən NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, bütün əlamətlər İranın Ukraynada istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verdiyini göstərir.
Medianews.az bildirir ki, Stoltenberq NATO-nun mənzil-qərargahında İsveçin baş naziri Ulf Kristersson ilə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Stoltenberq Ukraynadakı müharibədə İran istehsalı olan pilotsuz təyyarələrin istifadəsi ilə bağlı suala “Kəşfiyyatımızın təfərrüatlarına varmayacağam, amma deyə bilərəm ki, hər bir göstərici İranın bu dronları Rusiyaya tədarük etdiyini göstərir” dedi.
“Biz bütün ölkələri, o cümlədən İranı Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsini dəstəkləməməyə çağırırıq”, – Stoltenberq bildirib.
Almaniya, ABŞ, Hollandiya və Fransa kimi üzv dövlətlərin Ukraynaya daha çox və təkmil hava hücumundan müdafiə sistemləri çatdırma prosesində olduğunu ifadə edən Stoltenberq, “Bu İHA-ların dəhşətli hücumları Ukraynaya dəstəyin artırılmasının aktuallığını vurğulayır” ifadəsini işlətdi.
Nəzrin Vüsal
Medianews.az