“Rəqiblərlə bağlı kifayət qədər məlumatımız var”.
Bunu 17 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Yuri Moroz AVRO-2023-ün seçmə mərhələsində qarşılaşacaqları Azərbaycan, Lixtenşteyn və Bosniya və Herseqovina ilə oyunlar barədə danışarkən deyib.
52 yaşlı ukraynalı mütəxəssis rəqiblərin güclü və zəif tərəflərini oyunçularla birlikdə analiz etdiklərini bildirib: “Komanda onları bu turnirdə nələrin gözlədiyini başa düşməlidir”.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə ilk matçını oktyabrın 24-də Ukraynaya qarşı keçirəcək. Qarşılaşmalar Bosniya və Herseqovinada olacaq. Seçmə mərhələnin qruplarında ilk iki yeri tutanlar və üçüncü yeri tutan dörd ən yaxşı kollektiv elit raunda yüksələcək.