“Üç gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək. Əlbəttə ki, bu çox qürurverici haldır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, artıq Füzuli Hava Limanı Qarabağda beynəlxalq hava limanı kimi fəaliyyət göstərir və bu çox mühümdür:
“Eyni zamanda, Türkiyə prezidenti R.T.Ərdoğanın məhz Qarabağa ikinci dəfə gəlişi də Zəngilan Hava Limanın açılışı ilə bağlı ola bilər. Artıq bu vaxta qədər Türkiyə səfirliyi müəyyən açıqlama verib. Bu gün Azərbaycanda dinc-quruculuq işlərin aparılması, ciddi obyektlərin tikintisi, o cümlədən hava limanlarının açılışı bir daha dünyaya göstərir ki, biz müharibəni bacardığımız kimi, eyni zamanda dinc-quruculuq işlərini də etməyi bacarırıq və bu istiqamətdə də ciddi addımlar atılır. Məhz Azərbaycan-Türkiyə dostluğunun bariz nümunəsindən biri də budur ki, hər açılışda Türkiyə kimi dövlətin rəhbəri məhz həmin açılışda iştirak edir. Bu, Cənab Prezident İlham Əliyevlə cənab Ərdoğanın münasibətlərindən doğan bir məsələdir. Yəni, xarici siyasətdə ümumi maraqlar olur deyə, münasibətlər yaxşı olur prinsipindən çıxaraq, biz artıq “bir millət, iki dövlət” prinsipində yaşayırıq. Bu da xoş bir haldır. Məhz azad Qarabağda dövlət başçılarının qəbul edilməsi çox mühüm hadisədir və bu dünyaya bir mesajdır”.