“Dünyada olduğu kimi ölkəmizdə də inflyasiya və bahalaşma prosesi davam edir. Ümumiyyətlə, bu il ərzində bahalaşma tendensiyasının heç bir ay ərzində səngimədiyi, əksinə hər keçən müddətdə bir az da sürət əldə edərək yüksələn xətt üzrə inkişaf etdiyi müşahidə edilib. İlin başa çatmasına isə az vaxt qalır. Bu o deməkdir ki, 2022-ci il keçən yaxın tarix ərzində ən böyük bahalaşma ili olaraq yadda qalacaq”
Bu sözləri Medianews.az-a açıqlamasında iqtisadçı-ekspertçi Pərviz Heydərov bildirib. Qeyd edib ki, geniş xarakterli növbəti bir sosial paket həyata keçirilməlidir:
“Ötən 2 ay ərzində bahalaşma ən çox çörəyin, un məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının qiymətlərində qeydə alınıb. Ümumiyyətlə, 2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər, tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 %, əvvəlki ilin avqust ayına nisbətən isə 20,8 % artıq təşkil edib.
Sentyabrda isə bahalaşma daha çox ət və ət məhsullarında qeydə alınıb. Bundan əlavə, içkilər və tütün məmulatları 18,9 % bahalaşıb. Çörək, un, peçenye, makaron, toyuq əti, kolbasa məmulatları, süd və süd məhsulları, pendir, kəsmik, şəkərli süd, quru meyvələr, içki, şirə, su və mağazalardakı həyat üçün digər önəmli məhsulların da qiymətlərində artım baş verib.
Ümumiyyətlə, ölkəmizdə bahalaşma və inflyasiya göstəricisi 13%-i keçib. Yanvar-avqust aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 13,2 %, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,9 %, qeyri-ərzaq məhsulları üzrə 7,2 %, əhaliyə xidmətlər üzrə isə 10 % təşkil edib. Avqustda istehlak qiymətləri indeksi iyula nisbətən 9 %, ötən ilin eyni ayı ilə müqayisədə isə 14,2 % yüksəldi.
Yəni, yay ayları bir sıra kənd təsərrüfatı məhsulları üzrə istehsal və tədarük mövsümü olsa da qiymətlər nəyinki ucuzlaşmadı, sabit də qalmadı. Keçən ilin əvvəlindən start götürən proses davam etdi.
Bu gün də anoloji vəziyyət qalmaqda davam edir. Fikrimcə, üzü qışa doğru bəzi məhsullarda daha yuxarı tempə şahid ola bilərik. Belə ki, bunu ilk olaraq dünyada və o cümlədən, Avropada enerji böhranının səngiməyəcəyi gözləntisi deməyə əsas verir. Həm də ümumiyyətlə, üzü qışa doğru qiymətlərin qalxması ənənəvi xarakter daşıyır.
Bəs, bu gedişat bizi hara aparır? Bahalaşma və inflyasiya prosesinin davamlılığı tendensiyasının ardıcıl olaraq ortaya çıxardığı mənfi fəsadlar necə və hansı yolla aradan qaldırılmalı və ya zəiflətdilməlidir? Sözügedən ardıcıllıq nə vaxt və hansı həddə dayanacaq və yaxud dayana bilər?
Mənfi fəsadları aradan qaldırmaq haqda bir qədər sonra… Məsələ ondadır ki, proses sırf bizimlə əlaqədar amillərdən qaynaqlanmır, irəli gəlmir. Və odur ki, hər şeyi ölkədaxili səbəblərlə izah etmək mümkün deyil. Söhbət, qlobal trenddən, ümumi tendensiyadan gedir.
Məsələn, ötən ay Türkiyədə inflyasiya son 25 ildə rekord vurub. Sentyabrda ölkədə inflyasiya 3,08 % artıb. İllik əsasda artım 83,45 % təşkil edib ki, bu da 1997-ci ildən bəri rekord göstəricidir. Və yaxud, Niderlandda inflyasiya sentyabrda 1963-cü ildən bəri ən yüksək həddə çatıb. Belə ki, avqustda 12 % təşkil edənn illik inflyasiya sentyabrda 14,5 %-ə qalxıb və bu, inflyasiyanın izlənməyə başlandığı 1963-cü ildən bəri müşahidə edilən ən yüksək rəqəm kimi qeydə alınıb.
Xüsusilə enerji qiymətlərinin artması inflyasiyaya təsiri olub. Enerji qiymətləri sentyabr ayında əvvəlki ilin eyni ayına görə 200 % artıb.
Ümumiyyətlə, hazırda həm dünyada, həm ölkəmizdə bir tərəfdən bazar çox güclü nəzarət tələb edir, digər tərəfdən isə bunu tam olaraq təmin etmək mümkün sayılmır. O baxımdan ki, qiymətlərə sərt müdaxilə bazar mexanizmi prinsiplərinə ziddir.
Məsələn, bahalaşma və inflyasiya prosesində kənd təsərrüfatı və qida məhsullarının qiymətləri əsas yer tutur. Buna da zərurət yaradan, əsas hərəkət və təkanverici faktor rolunda çıxış edən enerjidaşıyıcılarıdır. Söhbət, qlobal miqyasdan gedir.
Bizdəsə əsas yanacaq növləri üzrə qiymətlər nəzarətdə saxlanır. Və bu, həmin yanacaq növlərinin daxildə istehsal edilməsi, yəni neft ölkəsi olmağımız faktoruyla izah oluna bilsə də, dövlətin “cibinin” hesabına başa gəlir.
Ümumiyyətlə, istehlak bazarına nəzarət və müəyyən tənzimləmələr zamanı hökumət və dövlət ziyana gedir, daha doğrusu getməyə məcbur qalır. Bu səbəbdən də kompensasiya xarakterli üsul və mexanizmlərə əl atılmalı olur.
İndi təsəvvür edək, tutaq ki, enerjidaşıyıcıları ölkəsi deyildik, bunları da kənardan idxal edirdik. Ölkəmiz də Avropa ölkələri kimi enerji daşıyıcıları sarıdan kənardan asılı vəziyyətdə olsaydı, haqqında danışdığımız bahalaşma və müvafiq infyasiya göstəriciləri o zaman daha “faciəli” səviyyədə və həddə olardı. Bunu da nəzərə almaq vacibdir.
Bununla belə, bilavasitə ölkəmizdə proses hökumətin nəzarəti altındadır və ilin əvvəlindən bəri müxtəlif antiinflyasiya tədbirləri tədbiq edilir. Düzdür, effekt azdır. O səbəbdən ki, ortada obyektiv səbəblər mövcuddur. Bir sıra məhsulları idxal edirik, pul-kredit siyasəti mexanizmi çevik təsirə və idarəetməyə imkan yaratmır, bazarda qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək mümkün deyil və sair.
Odur ki, bahalaşma o vaxt səngiyəcək ki, proses qlobal miqyasda dayanacaq. Yoxsa, xüsusən ən zəruri istehlak mallarının, qida ilə ərzağın qiymət yüksəlişi hələ uzun müddət müşahidə olunacaq.
Mənfi fəsadları aradan qaldırmaq tədbirlərinə gəldikdə isə, hesab edirəm mütləq şəkildə birinci növbədə, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikinci, yerli məhsulların bazarlara çıxışı, yaxud başqa sözlə desəm, reallaşdırılması imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır.
Yəni, geniş xarakterli növbəti bir sosial paket həyata keçirilməlidir. Buna gələn ilin əvvəlindən əməl ediləcək. Ancaq, bahalaşma səngiyəcək, ya yox, bu məlum deyil”.
Medianews.az