Son bir neçə ayda gündəmi zəbt edən əsas məsələlərdən biri də məktəblərdə şagirdlərin davranış qaydalarıdır. Belə ki, məktəblərdə şagirdlərin bir-birinə, eləcə də müəllimləri ilə olan rəftarı birmənalı qarşılanmır. Kimisi tərbiyənin ailədən gəldiyini, kimisi də bunun məktəblərdə aşılnmalı olduğunu vurğulayır.
Mövzu ilə bağlı ekspetlər fikirlərini Medianews.az-a bölüşdülər. Bildirdilər ki, indiki təhsil sistemi ilə əvvəlki təhsil sistemi arasında böyük fərq var.
Təhsil eksperti Nadir İsrafilov son zamanlar orta məktəblərdə şagird özbaşınalığı ilə yaşanan, ardı-arası kəsilməyən qalmaqallı olaylardan danışdı: “İndi əvvəlki zəmanə deyil, dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Hazırda elə bir vəziyyət yaranıb ki, əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür. Deməli, hadisənin səbəblərini daha dərində axtarmalıyıq. Müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyillidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşında olan uşaqların harmonik inkişafı və tərbiyəsi lazımi səviyyədə təmin edilmir. Zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən “əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək məcburiyyətindəyik. Müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq”.
Psixoloq Fərqanə Mehmanqızı deyir ki, bugünkü gəncliyi bəyənməsək də, uşaqları illər əvvəlin gəncləri böyüdür:
“İllər əvvəlin uşaqları yetişkin olub və bugünkü uşaqlar onların yetirməsidir. Biz bilirik ki, xarakter 8 yaşına qədər formalaşmış olur. Buna görə də məktəbə gedənə qədər uşaqların xasiyyəti, xarakteri formalaşır. Məktəb ictimai cəmiyyətdir. Ailə məktəbə qədər uşağın həyata baxışının, xasiyyət və xarakterinin təməlini qoyduğu kimi ictimai cəmiyyət də uyğun olaraq onu korreksiya edir. Amma uşağın əsas şəxsiyyətinin sütunu, xarakterinin təməli 2 yaşından etibarən ailədə qoyulur. Təbii ki, genetik faktorlar da öz rolunu oynayır. Mühit insan həyatı, xarakter üçün çox önəmlidir. Ailə də, məktəb də mühitdir. Ailə məktəbi məsul gördüyü kimi, məktəb də o şəkildə məsul görməlidir. Çünki artıq formalaşmış xarakter məktəbə gedir. Buna görə də məktəbin uşağın tərbiyəsindəki rolunu korreksiya kimi nəzərə alırıq. Lakin hər bir insanın yetişməsində ailə və məktəb birgə rol oynayır. Bu səbəbdən ikisi də müntəzəm olaraq sağlam gələcəkli şəxsiyyət yetişdirmək üçün uşaqla əlaqədə olmalıdır. Uşaqda hər hansısa problem olduqda müəllim və valideynlər bunu bir yerdə müzakirə edərək problemin həlli yollarını uşağın üstündə tətbiq etməlidirlər. Bu gün valideynlərin məlumatları alması, onları düzgün filtrdən keçirmə qabiliyyəti sual altındadır. Məsələn, biz deyirik ki, uşaqlara azadlıq vermək lazımdır. Sərbəstlik verilməlidir. Amma sərbəstlik nisbi anlayışdır. Hər kəs bu sözü fərqli anlayır. Yaxşı olardı ki, valideynlər öz hərəkətlərini, düşüncələrini, həyata baxış tərzlərini korreksiya etsinlər ki, uşaqlara təsir göstərə bilsinlər. Çünki uşaqlar deyilənə yox, edilənə baxır. Biz emosianal davrandığımız müddətdə uşaqlarımız da emosianal davranacaq. Biz valideyn olaraq nəyə necə baxırıqsa, uşaqlar da ona o cür baxacaq. Çox önəmli faktor var ki, altını cızaraq vurğulayıram ki, valideynlər müəllimləri uşaqların gözündən salmamalıdır. Bu, bir mənalı olaraq belədir. Bəziləri bu fikrə qarşı çıxsa da, biz nəzərə almalıyıq ki, biz nəyə necə reaksiya versək, uşaqlarımız da eyni reaksiyanı göstərəcəklər. Bu, dəyişmir. Bu səbəbdən müəllim valideynə, valideyn də müəllimə dəstək verməlidir. Bu gün görürük ki, sosial medialar aqressiya ilə doludur. Deməli, cəmiyyət olaraq bu mövzuya aqressiyalıyıq. Bu aqressiyanı da sosial şəbəkələrdən evimizə gətiririk. Uşaqlarımız da bu aqressiyanı qəbul edir. Bu gün valideynlərdən ən çox eşitdiyim sözlərdən biri də odur ki, uşağım heç nəyi bəyənmir, hər şeyə qarşıdır, hər şeyə qarşı çıxır. Amma unuduruq ki, o uşağı biz yaradırıq, onu həyata biz hazırlayırıq, biz formalaşdırırıq. Uşaqda olan hər şeyi biz ötürürük. Bunun əksi iddia olunsa da, uşağa bütün dəyərləri biz veririk”.
Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Musa isə bildirir ki, uşağın tərbiyəsi ilk olaraq valideynlərdən başlayır: “Uşaq dünyaya göz açdığı zaman ilk gördüyü valideyni də anası olur. Demək ki, ananın üzərinə daha çox məsuliyyət düşür. Biz elə bilirik ki, o, hələ çağadır, heç nəyi duymur, anlamır. Elə deyil. Dünyaya ilk göz açdığı andan etibarən körpələr artıq tanımağa başlayır. Ata- ananı qoxusundan belə hiss edib onların qucağında sakitləşir. Hətta deyərdim ki, nəinki göz açdığı, ana bətninə düşdüyü andan ana – atanın sevgisini hiss edir. Boş yerə deyilmir ki, ikicanlıdır, çox incitməyin, əsəbiləşdirməyin, qayğısına qalın. Bunlar hamısı o körpənin inkişafına, zehninə, davranışlarına təsir edir. Stress keçirən, çox ağlayan anaların uşaqları doğulduğu anda elə əsəblə doğulur, yatmır, ağlağan olur. Bunlar hamısı üst – üstə gələrək uşaqların travmaları getdikcə artır. Bəzən uşaq heç atanın üzünü görmür, lakin böyüdükcə atanın xasiyyətlərini, davranışlarını təkrar etməyə başlayır. Ata- ananın sevgisi uşağa ötürülür. Ailədaxili münaqişələr birbaşa uşaqların psixologiyasına təsir edir. İlk təməli ailədə alırlar. Daha sonra bağçaya gedəndə artıq dostlaşmaqda çətinlik çəkirlər. Valideynlərinin etdiklərini başqa yaşıdları üzərində tətbiq edirlər. Məsələn, ata – ana yola getmir, dalaşırsa, o uşaq da dalaşqan olacaq, ətrafını incidəcək. Bəzən də olur ki, güclü xarakter sahibi uşaq olur, onu əzməyə çalışırlar. O, içindəki liderlik xüsusiyyətini büruzə verərək sözlə deyil, hərəkətlə ətrafını özünə tabe edir. Bağçadan sonra məktəbdə də davam edir.
Məktəbdə adətən dərsi yaxşı oxuyan uşaqlar daha sözü keçərli olur. Sinifin ən dəcəlləri isə dərs oxuyan olmurlar. Özüm məktəbli olarkən onun səbəbini anlamırdım. Getdikcə onların niyə elə davrandığını çox yaxşı anlayıram. Bir insan olduğu mühitdə həmişə özünə diqqət çəkmək istəyir. Kimisi yaxşı dərs oxuyaraq edir və ən doğru yolu da budur. Amma hər kəsə fərdi yanaşsaq, öz potensialına uyğun fərqli davranırıq. Və bir uşaq da əgər dərs oxumursa, ya qəşəng geyimlə, ya da qol gücünə özünün var olduğunu sübut edir. Diqqəti üzərinə çəkir. Məlum video ilə bağlı o döyəni, döyüləni də danışdırsaq, mütləq ki, səbəbləri vardır. Ən başlıca səbəb də sevgisizlikdir. Uşağa hər şey etmək, hər dediyini etmək ona sevgi vermək deyil. Uşağa verilən ən dəyərli sevgi ona ayrılan zamandır. Bəli, keçmişə nisbətən indiki valideynlər də fərqlidir. Əslində, səbəblər çoxdur. Sosial problemlər indi daha çoxdur. O zamanlar bir ailədə minimum 4-5 uşaq olardısa, indi maximum 2 uşaqdır. Nənələrimiz qəhrəman ana olublar. İndi kimin 10 uşağı var?! Uşaqların çoxluğu da sevgiyə ünsiyyətə təsir edir. Tək uşaqlar daha eqoist böyüyürlər. O zamanlar ana- ata pul qazanmaq üçün bu qədər çalışmırdı. Uşaqların yanında hətta pul sözünün adını belə çəkmirdilər. Aylıq qazancları bir ailənin aylıq durumuna kifayət edirdi. Və uşaqları ilə daha çox vaxt keçirə bilirdilər. Həm bu qədər inkişaf yox idi. Bu qədər kobud da səslənsə, acgözlük yox idi. İndi hamı harasa tələsir, çox çalışır, çox istəyir və nəticədə özünü, ruhunu unudur. Özümüzdən uzaqlaşdıqca sevgimiz də azalır, ünsiyyətimiz də azalır. Bu da bizim ailəmizə, uşaqlarımıza, bütün cəmiyyətə təsir edir”.
Xəyalə Rəis
Medianews.az