Medianews.az bildirir ki, bu gün Şəkərov Xəyal İman oğlunun şəhidlik zirvəsinə ucaldığı gündür.
Şəkərov Xəyal İman oğlu 1998-ci il sentyabr ayının 1-i Tovuz rayonunun Əsrik kəndində anadan olub. 2005-ci ildə həmin rayonun Məstan Əliyev adına tam orta məktəbində ibtidai təhsilini almağa başlayıb. 2008-ci ildə güləş və qaydasız döyüşlə məşğul olmağa başlayıb. Qaydasız döyüş üzrə 2 dəfə Azərbaycan çempionu olub. İdman sahəsində 5 fəxri fərman və 7 medal qazanıb. 2016-cı ildə məktəbi bitirərək həqiqi hərbi xidmətə yola düşüb. 2018-ci ildə isə təxlis olunub. Həmin ilin oktyabr ayında gizirlik kursuna gedib. Bundan sonra hərbi işinə Ağdam rayonunda kəşfiyyatçı olaraq davam edib.
Daha sonra XTQ-nin 6 aylıq kursuna gedərək buranı fəxri fərmanla bitirib, birinci yerə layiq görülüb. Azərbaycan Ordusunun giziri olan Xəyal Şəkərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyalın döyüş yolu Murovda başlayıb. Murov zirvəsi, Talış yüksəkliyi, Suqovuşan, Cəbrayıl, Füzuli, Xocavənd və Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib.
Döyüşlərdə böyük cəsarət göstərərək döyüş yoldaşlarını mühasirədən xilas edərək şəhid və yaralıların təxlis olunmasında iştirak edib. Döyüş yoldaşlarını təxlis etdikdən sonra 2 gün mühasirədə qalıb. Tikanlı məftilləri kəsərək öz qrupunu düşmən səngərinə göndərib. Bir neçə zirehli texnikanı sıradan çıxarıb. 6 nəfərlik qrupu ilə 41 nəfər düşmənin həyatına son qoyub. Xəyal Şəkərov oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Azərbaycanın Kəlbəcər və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Nəzrin Vüsal
Medianews.az