Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır. Qəzet bildirir ki, “nəhayət, bir gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanla “prezident” Arayik Arutyunyan arasında görüş baş tutub”.
“Maraqlıdır ki, görüşün ardınca səssiz bir rəsmi təsdiq gəldi: hökumət spikeri belə görüşlərin dövri xarakter daşıdığını söylədi. Söhbətin digər təfərrüatlarını bildirməyi lazım bilməyiblər. Üstəlik, hökumətin saytında quru məlumatlar belə yerləşdirilməyib.
Artıq yazmışdıq ki, bazar ertəsi Qarabağdan bir neçə nəfərdən ibarət nümayəndə heyəti Ermənistana gəlib. Lakin çərşənbə axşamı nə Paşinyan, nə də digər yüksək rütbəli məmurlar onları qəbul etməyiblər.
Əvvəlcə qərara alınıb ki, Baş nazirlə görüşdə nümayəndə heyətinin bütün üzvləri: “xarici işlər naziri” David Babayan, “spiker” Artur Tovmasyan, “xarici əlaqələr komissiyasının sədri”, müxalifətçi Vahram Balayan,”prezidentin müşaviri” Masis Mailyan iştirak edəcək. Bu görüşün məqsədi Praqada əldə olunmuş razılaşmalar, eləcə də Qarabağın “gələcək taleyi” haqqında öyrənmək idi.
Lakin Paşinyan onların hamısını qəbul etməkdən imtina edib. O bildirib ki, qalan məmurları Ermənistandakı həmkarları, Xarici İşlər Nazirliyinin rəhbəri, Milli Assambleyanın spikeri qəbul edəcək. Özü də yalnız “Arsax prezidenti”ni qəbul edib. Qalan görüşlər baş tutmayıb.
Ararat Mirzoyan dünən Astanaya uçub, ardınca isə Paşinyan və Mqer Qriqoryan gedib. Güman edilir ki, Qarabağdan gələn nümayəndə heyətinin qalan görüşləri onların qayıtdıqdan sonra baş tutacaq.
Yeri gəlmişkən, Qarabağda insanlar Ermənistana gedən nümayəndə heyətinin hansı xəbərlə qayıdacağını səbirsizliklə gözləyirlər, dünənə kimi onlara bu barədə məlumat verilməyib”, – deyə qəzet yazıb.