İranda Məhsa Əmininin ölümü ilə başlayan etirazlara daha bir dəstək iranlı aktrisa Elnaaz Noruzidən gəlib.
Medianews.az xəbər verir ki, gözəlliyi ilə hər zaman diqqət mərkəzində olan aktrisa, sosial şəbəkədə paylaşdığı videoda hicabını çıxarıb.
Beynəlxalq yayım platformasında “Müqəddəs Oyunlar” serialının baş rol ifaçısı olan Elnaaz Noruzi İranda 22 yaşlı Məhsa Əmininin rejim qüvvələri tərəfindən öldürülməsindən sonra başlayan etirazlara belə dəstək verib.
Noruzi İnstaqram hesabında paylaşım edərək bu sözləri yazıb: “Hər bir qadın, dünyanın harasında olursa olsun, istədiyi vaxt və istədiyi geyimi geyinmək hüququna malik olmalıdır. Heç bir kişinin və ya başqa bir qadının onu mühakimə etməyə və ya ondan fərqli geyinməsini istəməyə haqqı yoxdur. Hər kəsin fərqli geyimi var. Fikirlər və inanclar isə hörmət edilməlidir. Demokratiya qərar vermə gücü deməkdir. Hər bir qadının öz bədəni üzərində qərar vermək səlahiyyəti olmalıdır!”
Qeyd edək ki, Dünyanın hər yerindən olan qadınlar, o cümlədən aktrisalar bu aksiyaya dəstək üçün saçlarını kəsiblər.
Medianews.az