“Qayıtsaydım” adlanan film 16 oktyabr 2022-ci il tarixində IMAX kinoteatrında ictimaiyyətə təqdim olunacaq.
Medianews.az xəbər verir ki, filmin prodüseri Kamran Ağabalayev, rejissoru isə Ramil Ağasıyevdir. Quruluşçu operatoru Tariel Hacızadə, montaj rejissoru Əhməd Heybətovdur.
Muradın həyatını onun gözündən təsvir edən, Kamran Ağabalayevin Muradın şeirlərini səsləndirdiyi, onun dilindən danışdığı filmin çəkilişləri Bakı, Şuşa, İstanbul və İzmir şəhərlərində həyata keçirilib.
Həmçinin bu ilin fevral ayında Şəhid Murad Nağıyev haqqında memuarları və özünün qələmə aldığı şeirlərini əhatə edən “Murad” adlı kitabın da təqdimatı baş tutub.
Leytenant Murad Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olub.
O, Türkiyənin nüfuzlu Kuleli hərbi liseyində, həmçinin Quru Qoşunları akademiyasında təhsil almış, müxtəlif yerlərdə hərbi təlimlərdə və toplanışlarda iştirak edib.
Murad Nağıyev 27 sentyabrda başlayan Vətən müharibəsinə elə həmin gün yollanmış, komandirlərinin əmrlərinə və rütbəcə yoldaşlarının israrlarına baxmayaraq döyüşə ən ön sıralarda iştirak edib.
O, tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərərək Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürüb.
Murad Nağıyev 2020-ci il oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, oktyabr ayının 20-də İkinci Fəxri xiyabanda dəfn olunub.
Leytenant Murad Nağıyev vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.