Medianews.az saytı xəbər verir ki, bu gün Baş leytenant Fərzəliyev Samiq Misir oğlunun şəhadətə qovuşduğu gündür.
Fərzəliyev Samiq Misir oğlu 1992-ci il iyul ayının 8-i Tovuz rayonu Güvəndik kəndində anadan olub. 1998-2007-ci illərdə Güvəndik kənd, 2007-2009-cu illərdə Papaqçı kənd orta məktəbində təhsil alıb. 2009-2013-cü illərdə ADAU bitirib. 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə könüllü olaraq Heydər Əliyev adına “Ali Hərbi Məktəbdə” kurs keçərək leytenant rütbəsini qazanıb.
2022-ci il 27 sentyabrda başlayan Vətən Müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edərək oktyabrın 7-si əsgərlərinin cəsədini götürərkən snayperlə vurularaq şəhidlik zirvəsinə ucalıb. Oktyabr ayının 10-u Tovuz rayonu Güvəndik kəndində dəfn olunub. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “3-cü dərəcəli rəşadət ordeni” medalları ilə təltif olunub.
Ailəlidir. Vəfatından 2 ay sonra qızı Samiqə dünyaya gəlib. Yoldaşının dediklərinə görə, Samiq çox yaxşı həyat yoldaşı, xeyirxah, mehriban insan olub. Hər zaman əsgərlərinə qarşı xoş münasibət bəsləmiş, hər birinin sevgisini qazanıb.
Şəhidin son sözləri:
– “Məni unutmayın! Sizi sevindirmək üçün canımı verdim. Sevin doğma xalqım, qəzamız mübarək olsun! Anamı gözüyaşlı qoydum, anama təsəlli verin, ondan çox nigaranam. Vətən üçün canımdan keçdim, azad etdiyim torpaqlarımıza qədəm basanda unutmayın məni! Mən qanımı o torpaqlarda tökdüm. Məni sevən yoldaşım və dünyaya gözünü açmayan qızım var. Dünyaları qaraldı. Yoldaşımı təsəlli edin, qalan torpaqlarımızı geri qaytarın! Bir daha heç kimə verməyin! Ruhumu şad edin, namərdi qovun! Qoy hamı bilsin ki, mən Qarabağam, Azərbaycanam!”
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Nəzrin Vüsal
Medianews.az