Bu gün Akademik Milli Dram Teatrının sevilən aktyoru, Xalq artisti Nurəddin Mehdixanlının 66 yaşı tamam olur. Millətini, dövlətini sevən tanınmış xalq artisti oynadığı rollarla, səsləndirdiyi şeirlərlə, minlərlə tamaşaçının ruhunu oxşayan, ürəkləri fəth edən, Nurəddin Mehdixanlı doğum günündə təəssüratlarını Medianews.az-a bölüşdü.
– Nurəddin müəllim doğum gününüzü necə qeyd edəcəksiniz ?
-Hazır da doğmalarımla mənə əziz olan, dostlarımın yanında və inandığın kəslərin əhatəsində təbiətin qoynunda doğum günümü qeyd edirəm. Elə dəb-dəbəni sevmirəm. Onun üçün doğum günümü sadə keçirirəm. Mənə əziz olan insanlarla oturmuşuq, söhbətləşir, fikirlərimizi müzakirə edir, sənətdən, həyatdan ölkəmizin uğurlarından və problemlərindən danışırıq. Mənim üçün vacib olan vətənimin uğurları, dərdləri, ağrılarıdır.
-Nurəddin Mehdixanlının xalq tərəfindən bu qədər sevilməyin sirri nədir ?
-Sənətkar, sevərək sənətilə məşğul olursa, peşəsini sevirsə, cəmiyyətindən, yaşadığı mühitdən, xəbəri varsa onun sənəti də, özü də sevilir. Mənim üçün sənətkar odur ki, səhnədə olsun, vətənini, millətini, sevsin ölkəsinin rifahı naminə əlindən gələni əsirgəməsin, bir sənətkarın yaradıcılığında vətən eşqi yoxdursa onun sənətinin bir qara qəpik qədər dəyəri yoxdur. Mən hər zaman çalışmışam ki, millətimin, dövlətimin yanında olan bir sənətkar olum. Hesab etmirəm ki, ömrümün ən dəyərli hissəsi millətimin yanında olmağımdır, zaman keçdikcə görürəm ki, seçimimi düz etmişəm. İnsan ömrünün ən dəyərli anı, onun torpağının, vətəndaşının, ölkəsinin yanında olmağıdır. Vətənin sevincini bayrağını yüksəklərdə dalğalanan görməkdir.
-Bu yola başlayarkən qarşıya qoyduğunuz məqsədə və hədəflərinizə çatmısınızmı?
– Sənətimlə həyatımı heç vaxt ayırmamışam, yaşadığım ömür həm həyat, həm də sənət yolumdur. İnsanın sənət və həyat yolu eynilik təşkil edirsə o insan bu həyatda istədiyi zirvəni fəth etmiş sayılır, belə olmadığı halda sənətkar bu həyatda iki yol arasında qalır. Bu ömür yolu da insanı heç yerə aparıb çıxartmır. Həyatım da yaratdığım obrazlarla eynidir.
Misal üçün Gülşah və Cavadxan rollarını oynamışam onların sevinci mənim sevincim, ağrıları mənim mənim ağrılarım olub. Həm sənətdə, həm də, həyatda millətimin dərdləri, ağrıları, sevinci ilə yaşamağa çalışmışam.
-Hazırda dönüb geriyə baxmaq fürsətiniz olsa nələri yenidən yaşamaq istərdiniz?
– Mən elə həyatı bu şəkildə yaşamaq istəyərdim, amma bir səhvimi düzəltmək istəyərdim!! Hər dəfə gedib anamı görərdim, aylarla görüşünə gedə bilmədiyim anamı… Qalan ömrünü yaşadığım kimi yaşamaq istəyərdim, çünki xalqın tamaşaçıların, rəğbətini sevgisini qazanmaq hər insana səsib olmur.
-Nurəddin Mehdixanlı üçün sevgi nədir?
-Sevgi mənim üçün ən dəyərli bir hissdir. İnsan sevgisiz yaşaya bilməz, diqqət, qayğı, hörmət hər biri sevginin təcəssümüdür. Sevgi tək kişi və qadın üçün deyil, ana-ataya, yaradan olan sevgi var. Xoşbəxt o insandır ki, o sevir. Bilirsiniz niyə ? Çünki qəlbində sevgi olan insan xain, riyakar, ikiüzlü ola bilməz. Sevgi ruhu gözəlləşdirir.
-Yeni yaşınızda özünüzə nə arzu edərdiniz?
-Mən ürəyi xalqla döyünən insanam. Xalqımın, millətimin xoşbəxt yaşamağını, dünyamızın müharibəsiz görməyi arzulayıram. Körpələrimizin bütöv bir ailədə böyüyən, vətən torpağını azad, bayrağımızı dalğalanan görmək istəyirəm.
Ayşən Azadova
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.