“Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir”.
Bu fikirləri Metbuat.az-a müsahibəsində millət vəkili Arzu Nağıyev deyib. Müsahibimiz ötən tarixə nəzər salaraq vurğuladı ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
“Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi. Qarşıdurmalar qısa müddətdən sonra sürətlə alovlanaraq İkinci Qarabağ müharibəsinə çevrildi. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Bu döyüşlər nəticəsində artıq ermənilər tab gətirməyib, böyük dövlətlərdən xahiş edərək müharibənin dayandırılması haqqında müraciətlər etdilər. Nəticədə Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən “Dağlıq Qarabağ” münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin “Dağlıq Qarabağ”ın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü “Anım Günü” kimi qeyd etmək barədə sərəncamı zərurətdən yaranmışdır”.
Arzu Nağıyev xüsusilə vurğuladı ki, İkinci Qarabağ müharibəsində iştirak etmiş bütün mübariz oğlu və qızların şücaəti yüksək qiymətləndirilməlidir.
“Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Hazırda bütün işğaldan azad olmuş ərazilərdə Azərbaycan bayrağının dalğalanması bu torpaqların azad olunmasında canını qurban vermiş şəhidlərimiz ehtiram əlamətidir. Vətən müharibəsi iştirakçıları illər boyu özləri haqqında mif yaratmış Ermənistan ordusunu sındırıb, dünyaya Azərbaycan ordusunun gücünü, qətiyyətini nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsində biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər bir Azərbaycan vətəndaşı bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcludur. Azərbaycan tarixində çox mühüm bir gün olan Anım günü 30 illik həsrətin bitdiyi gündür. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaqlar. Allah qazilərimizə də can sağlığı versin. Qələbəmizə görə borclu olduğumuz şəhid ailələrinə, qazilərə daima hərtərəfli qayğı göstərilib xüsusi diqqət yetirilməlidir”.