Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı.
Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər seçildi. Onların içərisində yeni seçilənlərdən biri də gənc texno-bloqqer, “Technote” Media Şirkətinin təsisçisi və rəhbəri Fərid Pərdəşünasdır.
O, Mətbuat Şurasının idarə heyətinə ictimaiyyət nümayəndəsi olaraq seçildi və 9 nümayəndədən biri oldu. 74 səs ilə Mətbuat Şurasının İdarə Heyyətində təmsil olunan Fərid Pərdəşünas bu cameədə yeni sima kimi böyük maraq doğurdu. Onun seçilməsi də müzakirələrə səbəb oldu.
Fərid Pərdəşünas qurultay sonrası təəssüratlarını Medianews.az-a bölüşdü:
– Sizi təbrik edir, nailiyyətlərinizin davamlı olmasını diləyirik. Bu camedə yeni simasınız və bu səbəbdən müəyyən qədər seçilməyiniz müakirələrə səbəb oldu.
– Təşəkkür edirəm. Bəli, mənim seçilməyim müzakirələrə yol açdı. Bunu xoş qarşılayıram. Çünki insanların əlinin çatdığı biriyəm. Haqqımda tənqidi fikir səsləndirənlər də, fikir bildirənlər də sosial şəbəkədə rəylərdə məndən cavab ala bilirlər. Bu qədər insanlarla ünsiyyətdəyəm, onların fikilərini dinləyir və hörmətlə yanaşıram. Sosial mediada məşhur sima olduğum üçün seçkilərdə də gözəbatan simalardan oldum.
– Seçki sonrası sosial şəbəkədə belə bir status yazmışdınız: “Mətbuat Şurasında seçilənlərə uğurlar arzulamaq üçün olmayacam və təşəkkür etməyəcəm”. Bu, sizdən əvvəlkilərə bir mesaj idimi?
– O ifadə kiməsə mesaj vermək deyil, sadəcə ictimaiyyətin maraqlarını müdafiə edəcək xüsusi bir mesaj xarakteri daşımır.
Seçilənlərə uğurlar arzulamaq üçün yox, fikir mübadiləsi aparmaq üçün lazım gələndə tənqid etmək, mövqeyimi ortaya qoymaq üçün Mətbuat Şurasındayam. Bu da çox normal haldır.
Yəni orada səsləndirilən bütün fikirlərlə razılaşmayacam. Çünki insanlar düşünürlər ki, burdasansa, indiyə qədər olan mövqeləri davam etdirəcəksən. Öz mövqeyin kənarda qalacaq. Lakin burdayamsa, bu günə qədər necə olmuşamsa, eyni qaydada bu mövqeni davam etdirəcəm. İctimaiyyət nümayəndəsi olaraq ictimai fikirlər səsləndirib bu yöndə çağırışlar edəcəm.
– Çağırışlarınız daha çox hansı istiqamətdə olacaq?
– Mənim əsas fəaliyyətim texnologiya ilə bağlıdır. Texnoloji mövzular cəmiyyətdə o qədər danışılmır və müzakirələrə səbəb olmur. Eyni zamanda, texnologiya jurnalistikasını daha da təkmilləşdirməyə çalışacam. Yəni ölkədə jurnalistika təkcə sityasətdən, mədəniyyətdən, iqtisadiyyatdan, münaqişələrdən, müxalif mövqelərdən ibarət olmalı deyil. Jurnalistika çox geniş bir anlayışdır.
– Mən burada öz üzərimə düşəni edəcəm. Texnologiya, sosial həllər sahəsində böyük təcrübəm var. Sosial medianın idarə olunması, oradakı fikirlərin müzakirə edilməsi, beynəxlalq media təcrübəm var ki, hər il onlarla konfranslara dəvət alınan şəxsəm. Ölkə olaraq bəzən tək mən dəvət olunuram. Ona görə həm beynəlxalq əlaqələrdə, həm də daxili məsələlərdə Mətbuat Şurasına öz töhfələrimi verməyə çalışacam. Bu istiqamətdə fəaliyyətimi davam etdirəcəm.
– Sizin gəlişinizlə Mətbuat Şurasında hansı yeniliklərin şahidi olacağıq?
– Heç nə mənim mövqeyimə yanaşmama təsir göstərə biməz. Tam ədalətli, şəffaf şəkildə bu hadisələrin içində yer alacam və zamanla izləyicilərim də görəcək ki, mənim əsas mövqeyim nədir.
– Sizin mövqeyiniz nələrdən ibarətdir?
– İstiqamətlər bundan ibarətdir:
1. Jurnalistərin peşəkar fəaliyyətində sosial media kanallarının idarəsinə istiqamət vermək.
2. Qısa videoməzmun platformaları ilə müasir jurnalistikanın dəyişimi.
3. Fact check alətləri və falt yoxlamaqda texnoloji alətlərin istifadəsi
4. Gənc jurnalistlərin ön plana çəkilməsi, dəstəklənməsi.
5. İnformasiya Müharibəsinə hazırlıq, beynəlxalq media əlaqələri
– Soyadınız da bir qədər fərqlidir. Bu haradan qaynaqlanır?
– Soyadım Cənubi Azərbaycandan gəlir. Babam Şimali Azərbaycana sovet qoşunları tərəfindən köçürüləndə öz gördüyü işə uyğun olaraq soyadlar dəyişdirilirdi. O da tar pərdələyən bir usta olub. Soyadı da Pərdəşünas olaraq dəyişdirilmişdi. Ona görə də bu soyadın daşıyıcısıyam. Bu, Cənubi Azərbaycana xas soyaddır.
Xəyalə Rəis
Medianews.az
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb