Rusiya lideri Putinin dünən səhər saatlarından etibarən elan etdiyi qismən səfərbərlik ölkəni qarışdırıb.
Medianews.az xəbər verir ki, 300 min ehtiyat əsgərin xidmətə çağırılmasından sonra başlayan etirazlarda yüzlərlə adam saxlanılıb.
Elan edilən qismən səfərbərlikdən sonra xeyli insan ölkəni tərk edib. Rusiyanın ən böyük şəhərləri Moskva və Sankt-Peterburqdur. Ötən gün Sankt-Peterburqdan havaya qalxan təyyarələrin daha çox Antalyaya eniş etməsi diqqətdən yayınmayıb.
İntensiv uçuşlar dünyaca məşhur “flightradar24” tətbiqində də öz əksini tapıb. Digər tərəfdən, Rusiyanı quru yolu ilə tərk etmək istəyənlər Finlandiya və Gürcüstan sərhədində uzun növbələr yaradıblar.
İnsan haqları təşkilatları ötən gecə səfərbərlik qərarına qarşı keçirilən və minlərlə insanın iştirak etdiyi nümayişlərdə 1300-dən çox adamın saxlanıldığını açıqlayıb. Bildirilib ki, ölkənin 38 şəhərində nümayişlər keçirilib.
Daxili işlər naziri İrina Volk etirazları “qanunsuz və kiçik miqyaslı nümayişlər” kimi qiymətləndirib. Moskva Prokurorluğu xəbərdarlıq edib ki, nümayişlərdə iştirak edənləri 15 ilə qədər həbs gözləyir.
Rusiya mətbuatının yazdığına görə, Ukraynada müharibə davam edərkən ehtiyatda olan 300 min əsgərin həqiqi xidmətə çağırılması, ölkədən uçuşları sürətləndirib, İstanbul kimi şəhərlərə birtərəfli bilet qiymətləri sürətlə artır. Bir çox yerlərə biletlərin tükənməsi də diqqət çəkib. Qismən səfərbərliyə qarşı onlayn olaraq başladılan kampaniyaya qısa müddətdə 300 minə yaxın insan imza atıb.
Medianews.az