Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasına videomüraciət edib.
Medianews.az xəbər verir ki, Zelenski çıxışından sonra BMT Baş Assambleyasında alqışlarla qarşılanıb.
Ukrayna lideri videomüraciətində bunarı deyib: “Rusiya BMT tərəfindən ədalətli şəkildə cəzalandırılmalı və Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı veto hüququ əlindən alınmalıdır. Ukraynada sülhü təmin etməyin yolu təcavüzkara qarşı tətbiq edilən sanksiyalardır”.
Zelenski Ukraynanın İzyum şəhərində aşkar edilən kütləvi məzarlıqdan da danışıb və Rusiyanın beynəlxalq məhkəmələrdə mühakimə olunmasının vacibliyini bildirib.
“Rusiya Ukraynaya və xalqımıza qarşı cinayət törədib. Ona görə də dövlətimiz Rusiyanın törətdiyi cinayətlərə görə ədalətli cəza tələb edir”, – deyə Zelenski bildirib.
Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən hərbi səfərbərlik məsələsinə də toxunan Zelenski bütün dünyanın sülh istədiyi halda, Putinin istəmədiyini bildirib və “Ukrayna sülh istəyir, Avropa sülh istəyir, dünya sülh istəyir. Yalnız Vladimir Putin müharibə istəyir “, – deyə qeyd edib.
Rusiyanı “terror dövləti” olaraq xarakterizə edən və ölkəsində törədilən cinayətlərə qarşı xüsusi məhkəmə qurulmalı olduğunu müdafiə edən Zelenski, Rusiya ilə döyüşməmək üçün danışıqlarda böyük səy göstərdiklərini ifadə edib: “Bu müharibədə provokasiya edən biz deyildik. Müharibəni sonlandırmaq üçün 88 görüş keçirilib. Rusiya bu təcavüz cinayətini dayandırmaq əvəzinə onu böyük bir işğala çevirib”.
Medianews.az