Xəbər verdiyimiz kimi, ötən gün ilahiyyatçı-alim Elşad Miri saytımıza açıqlamasında bildirib ki, yas mərasimlərində “Quran”ın oxunması düzgün deyil.
İlahiyyatçı qeyd edib ki, çünki Hz. Muhəmməd peyğəmbərin sağlığında üç qızı və üç oğlu vəfat etmişdir və heç birində peyğəmbərimiz “Quran” oxumamışdılar. Yəni, “Quran”ın ölüyə oxunmasının heç bir faydası yoxdur və bu, dirilər üçündür. İlahiyyatçının fikirləri cəmiyyətdə ciddi rezonans doğurub və fikir ayrılıqlarına da səbəb olub.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Demokrat.az-la fikirlərini bölüşüb.
O bildirib ki, yas mərasimlərində “Quran”ın oxunmasına pis baxmır:
“Mən din xadimi deyiləm, dinlə bağlı da kifayət qədər özümü bilikli hesab edə bilmərəm. Amma bütün bunlara baxmayaraq, yas mərasimlərində “Quran” oxunmasına pis baxmıram”.
Deputat hesab edir ki, yas mərasimlərində “Quran”ın oxunması oradakı insanları bir daha dinə, inama dəvət edir: “Təbii ki, “Quran” yas mərasimlərində oxunmaqla, İslam dinini təbliğ edir, islam dini ilə bağlı müddəaları insanların nəzərinə çatdırır. Amma “Quran”ın oxunmasının ölüyə xeyiri olub-olmamasının dində necə qəbul olunduğunu dəqiq deyə bilmirəm. Hər halda onun ölüyə ziyanı da yoxdur, ən azından onun rəhmətə getməsi nəticəsində insanlar gəlib “Quran”a qulaq asır, məlahətli sözlər eşidir və Allah kəlamlarını dinləyirlər”.