Qərbi Zəngəzurun Qafan şəhərində yaşayan erməninin bir zamanlar həmin ərazidəki evin sahibi olan azərbaycanlı sakinlə bağlı söylədiyi fikirlər rezonans doğurub. Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, videoda adı çəkilən azərbaycanlı Səməd Qarayevin oğlu Faiq Qarayev “İctimi TV”yə sözügedən görüntülərdən danışıb. Evin, həqiqətən də, atası Səməd Qarayevə aid olduğunu təsdiqləyən Fuad bəy orada yaşadığı anlardan danışıb.
Faiq Qarayev azərbaycanlılar Qafandan çıxarılan zaman atasının kəndi tərk etmək istəmədiyini, demək olar ki, orada mühasirədə saxlanıldığını bildirib. Atasını Bakıya gətirmək üçün Qafana qayıdan Faiq bəy tamamilə başqa mənzərə ilə qarşılaşıb:
“Həmin o videodakı kişi atamı tanımırdı. Onu bizim kənddəki evimizi zəbt edəndə tanıdıq. İki evimiz var idi. Birini o kişi söküb. Qarajımızda avtomobilimizin ehtiyat hissələri var idi. Baxanda gördüm, bir çöp belə qalmayıb. Kişi üstümə qışqırdı, hələ məni də vurmaq istədi. Sonra ermənilər gəldilər. Kişiyə dedilər ki, bura onların evidir. O isə dedi ki, yox onların evi oradadır. Bura mənim evimdir”.
Faiq Qarayev Bakıya qayıtmaq müqabilində şəxsi evlərini ermənilərə verdiklərini bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Zəngəzurun Qafan şəhərinin inzibati ərazisində yerləşən Mahmudlu kəndində yaşayan erməni sovet dövründə kənd sovetinin sədri olmuş Səməd Qarayevə videogörüntü ilə mesaj göndərib. O, çıxışını azərbaycanca edib və ağacların barı-bəhərinin də azərbaycanlılarla getdiyi deyib.
Məlumat üçün bildirək ki, bu kənd 1949-cu ilə kimi Mahmudlu adlansa da, 1949-cu ildən sonra adı dəyişdirilərək Çaykənd edilib, buna baxmayaraq, yerli sakinlər kəndi elə Mahmudlu olaraq adlandırıblar. 90-cı illərdə isə kəndin adı saxtalaşdırılaraq Getişen edilib.
Mahmudlu adı XV-XVII yüzilliklərdə Anadoludan gəlmiş sonradan Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə bağlıdır.
Ətraflı videoda: