“Döyüş zamanı həlak olmuş, şəhidin ailəsinə öncədən xəbərdarlıq edilməli, əgər lazım olarsa bir il müddətində və ya gərəkirsə ailəyə daha uzun müddətli psixososial dəstək olunmalıdır”.
Bu sözləri Medianews.az-a açıqlamasında İnteqrativ Psixoterapevt İlkanə Qoca deyib.
O, bildirib ki, hərbiçi xüsusi hallarda vətəni müdafiəyə etməyə getdikdə onun ailəsi, övladları, ata-anası məlumatlandırılır, onlara sosial işçi ayrılır. Çağırışçı olan şəxsə və onun ailəsinə gərəkirsə psixoloji seanslar verilir:
“Son zamanlarda baş verən hadisələri, vətən uğrunda canından keçən oğullarımızın xəbərlərini Niderland krallığından ürək ağrısı ilə izləyirik. Aldığımız xəbərlər bizləri sarsıdır. Bununla bağlı böyük sarsıntılar keçirdik və acılarımızla bərabər dövlətimizin yanındayıq. İstər Niderland Krallığında Azərbaycan diasporunun əlaqələndiricisi kimi diaspora fəaliyyətində, istərsə də psixo-sosial sahədə. Avropada belə bir sistem var. Əgər hərbiçi hərbi xidmət üzrə tapşırığa yola salınırsa Müdafiə Nazirliyinin psixo-sosial şöbəsi artıq hazırlıq işləri aparır, ailə tərəfindən müraciət edilir. Həm psixo-sosial işçilər, həm də terapevtlər o ailə ilə işləməyə başlayır. Sosial işçilər və terapevtlər, döyüşə gedən hərbçiləri sosial və psixoloji tərəfdən bu prosesə hazırlayırlar. Hərbiçi qulluğa gedərkən onun ailəsi, övladları, gərəkirsə ata-anası məlumatlandırılır, onlara sosial işçi ayrılır. Çağırışçı olan şəxsə və onun ailəsinə psixoloji seanslar hazırlanır. Övladları varsa onlarla bərabər şəkillər çəkdirilir.
Hərbi qulluqçular əgər həlak olarsa onun ailəsi ilə söhbətlər aparılır, ailəyə psixoloq və ya psixoterapeft gəlir və ilkin prosesə başlayırlar. Daha sonrakı mərhələlərdə isə yas terapiyası ilə məşğul olunur. Döyüş zamanı həlak olmuş hərbiçinin ailəsinə öncədən xəbərdarlıq edilir. Lazım gələrsə ailəyə dəstək olunur. Qeyd etdiyim bu proseslər Müdafiə Nazirliyinin tərkibində olan bir şöbə tərəfində sistemləşmiş bir prosesdir. Avropa ölkələrində bir evə həlak olan hərbiçi barədə xəbəri gətirməzdən öncə oraya sosial işçi və pisxoterapevt göndərilir. Uyğun bir dillə bu xəbər ailəyə çatdırılır. Avropada həlak olmuş hərbiçi barədə xəbəri telefonla onun ailəsinə zəng edilib, “oğlunuz həlak olub, cənazəsini göndərmişik, yoldadır və ya gətiririk” demirlər. Avropada ailəsi həlak olan insanların hər biri ilə söhbətlər aparılır. İlkin mərhələdə bir çox mənəvi dəstək göstərilir. O ailənin yanında olmaq, ilkin mərhələdə ailənin qarşısına çıxan sosial problemlərini həll etmək kimi məsələlər həll olunur. Sonra ailədə olan uşaqlarla, ailə üzvləri ilə söhbətlər aparılır. Həlak olan hərbiçinin övladına və həyat yoldaşına individual terapiya verilir, bu proses 1 il və daha artıq davam edə bilər. Burada başqa bir məqam da var.
Həlak olmuş hərbiçilərin aldığı əmək haqqının 70% onun xanımına, 14 %-i isə 18 yaşına qədər uşaqlara ayrılır. Ailəyə maddi, mənəvi, psixoloji, sosial dəstək verilir. O zamana kimi ki, ailə bu dəstəklərdən özü imtina edir. Hətta ailə göstərilən dəstəkdən imtina etsə də bir müddətdən sonra çətinlikləri olarsa Müdafiə Nazirliyinə müraciət edib, yenidən psixo-sosial dəstək istəyə bilər. Bizdə isə məsələ bir qədər fərqlidir. Azərbaycan bu gün inkişaf edir və eləcə də ordu quruculuğumuz da bir inkişaf prosesindədir. Mən inanıram ki, ölkəmizin və dünyaın son illərdə əldə etdiyi təcrübələrə əsaslanaraq daha bir mükəmməl sistem də bizim vətənimizdə qurulacaq.
Bir şəhid bacısı kimi şəhid ailələrinin acılarını və hansı hisslər keçirdiyini anlayıram. Zaman keçdikcə biz bu sağalmaz yara ilə yaşamağın yollarını öyrənirik. Allah şəhidlərimizin məkanını cənnət etsin. Yaxınlarına, əzizlərinə səbr versin.”
Ayşən Azadova
Medianews.az