“Biləndə ki, Azərbaycan ordusu erməni təxribatına qarşı anti-terror əməliyyatını geniş miqyaslı ərazilərdə davam etdirir və artıq Göyçə mahalı uğrunda döyüşlər gedir, həyat sanki məni yeddi yaşıma qaytardı”
Bu sözləri Medianews.az-a açıqlamasında aktyor Elməddin Cəfərov deyib. Bildirib ki, ən böyük arzusu Göyçə mahalına getmək doğulduğu torpaqda yaşamaqdır:
“Düzdür müharibəni heç kim istəmir. Müharibə minlərlə can alır, sevinci qədər kədəri də var. Biz istər II Qarabağ döyüşlərində də, indi də düşmənin işğalçı niyyətləri, təxribatları, nəticəsində xeyli şəhid verdik.
Mən eşidəndə ki, Azərbaycanın qəhrəman oğulları anti-terror əməliyyatına qarşılıq olaraq düşmən mövqeyinə ağır zərbələr endirib və Göycə mahalı uğrunda döyüşlər gedir, igidlərimiz üçün narahat olduğum qədər də sevindim. Mən 1981ci- il-də Zod kəndində doğulmuşam, 7 yaşıma qədər orada yaşamışam. Uşaqlığımın ən gözəl xatirələri orada keçib.
Allah orada yaşamağı, o günləri mənə yenidən nəsib etsin. Ən böyük arzum odur ki, gedim doğulduğum torpaqda yaşayım. Çox təəssüf ki, Zod kəndi yenə də mənfur düşmənin tapdağı altında qaldı. Düşmən anti-terror əməliyyatına qarşı gedən proseslər Zod kəndinə çatdıqda dayandırıldı. Yenə də ordumuzun əldə etdiyi mövqelərdən Zod kəndi görünür”.
Aktyor uşaqlıq xatirələrindən bəhs etdi:
“1988 ci-il də biz Zod kəndini tərk etmək məcburiyyətində qaldıq. Orada baş verən hər şey, bütün hadisələri yaxşı xatırlayıram. Kənddə o qədər doğmalıq var idi ki… Novruz bayramlarımızı, toylarımızı çox gözəl qeyd edirdik. Vətənimin hər qarışı əzizdir, doğmadır, amma doğulduğu torpaq tam fərqlidir. Uşaqlıq xatirələrim ora ilə bağlıdır. Mənim üçün ən ideal yer Zod kəndidir, çox istəyirəm yenə o uşaqlıq xatirələrimə qayıdım. İnanıram ki, bir gün Azərbaycanın bütün tarixi torpaqları bərqərar olacaq və mən də doğulduğum doğma torpağıma qayıdacam.”
Ayşən Azadova
Medianews.az