Milli Musiqi Günündə tanınmış, peşəkar musiqiçilərimiz bir araya gəldilər.
Belə ki, tanınmış skripka ifaçısı, Əməkdar artist Ceyla Seyidova və Amerikada yaşayan məşhur bəstəkar, pianoçu Ruslan Ağababayevla birlikdə Azərbaycan himnini fərqli şəkildə, skripkada təqdim ediblər. “Fantaziya” adlanan layihə maraqla qarşılanıb.
Medianews.az-a danışan Ruslan Ağababayev qeyd etdi ki, bu layihə Azərbaycan musiqisində bir ilkdir:
“Azərbaycan həmişə işığa, sülhə can atan bir ölkə olaraq tanınıb. Uzun tarixi bir dönəmdən çıxmış və bu gün müstəqil, suveren dövlətə çevrilən respublika tarixə öz adını qızıl həriflərlə yazıdrır! Bu gün də savaş meydanında sözünü deyir. Belə bir gündə Azərbaycan himnini tamaşaçılara fərqli şəkildə təqdim etmək istədik.
İlk dəfə olaraq Azərbaycan himnini fərqli şəkildə və fərqli adda təqdim edirik. Onun adı “Fantaziya” adlanır. Dahi Üzeyir Hacıbəylinin “Azərbaycan Himni” mövzusunda variasiyanı siz bu dəfə Azərbaycanın əməkdar artisti Ceyla Seyidovanın ifasında dinləyəcəksiniz. Bu gözəl virtuoz ifasına görə də Ceyla xanıma dərin təşəkkür edirəm. Videonun hazırlanmasında əməyi keçən rejissor Emin Muradov və bütün çəkiliş heyətinə təşəkkür edirəm. Və təbii ki, ideyanı dəstəkləyən və videoçarxın yaradılması üçün hər cür şəraiti yaradan şəxsə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və bu layihənin həyata keçirilməsində dəstək olan və köməklik göstərən hər kəsə minnətdarlığımı bildirirəm”.
Bəstəkar vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu etdi: “Çoxmillətli, multikultural və tolerant Azərbaycanımız həmişə dostluq və sülh əlini uzadan bir dövlətdir. Mənim arzum odur ki, analar bir daha oğullarını itirməsinlər. Bu əsəri də vətənini müdafiə edən qəhrəmanlara əbədi xatirə olaraq həsr edirik”.
İfaçı Ceyla Seyidova da layihənin yaranma tarixindən bəhs etdi. Bildirdi ki, bu layihə uzun müddət yaddaşlarda qalacaq:
“Ruslan mənə belə bir layihə təklif etdikdə çox məmnuniyyətlə qəbul etdim. Biz onunla internet vasitəsi ilə danışıb bu layihənin Azərbaycan musiqisinə təsirindən danışdıq. Bunu Milli Musiqi günündə təqdim etməyə qərar verdik. Bu bizim “Fantaziya”-mız idi. Musiqini ifa edərkən dahi Üzeyir Hacıbəyovun ruhunu hiss etdim. Belə bir gündə Azərbaycan himnini duymaq, onu tamaşaçılara çatdırmaq olduqca çətin və məsuliyyətli bir işidi.
Bu layihəmizi şəhidlərimizə ithaf edirik. Allah şəhidlərimizə rəhmət etsin”.
Medianews.az