Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşaq 20 yaşlı anası tərəfindən zəhərlənərək öldürülüb. Zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Bu xəbər sosial mediada böyük narazılığa və qınağa səbəb oldu. Belə ki, sosial şəbəkələrdə qızlarımızın yeniyetmə yaşında evləndirildikləri və ana olmağa hazır olmadığı təqdirdə buna məcbur edildikləri kimi iddihamlar səsləndirildi.
Mövzu ilə bağlı Medianews.az-a danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bu mövzunun hər zaman aktual olduğunu bildirərək, belə hadisələrin yaşanmasının qarşısını alınması üçün yeni bir təklif də irəli sürdü:
“Azərbaycanda elə ailələr var ki, ailə qurulur, qərar verirlər ki, biz 1-2 ildən sonra övlad dünyaya gətirəcəyik. Bu, iki insanın öz qərarıdır.
Amma bizdə klassik yanaşma var. Ailə quruldusa, 1 il müddətində uşaq olmalıdır. Çox təəssüflər olsun ki, bu yanaşma hələ də davam edir, Azərbaycan cəmiyyətində qalmaqdadır və bundan da sıxılan çütlüklər olur. Bunu qohumlar, yaxınlar müxtəlif formada bildirirlər. Və bununla da diskomfort yaradırlar. Həm ailə qurmağa, həm də ana olmağa hazır olmaq mərhələsi var. Burada həm fizioloji, həm də psixoloji hazırlıqdan gedir söhbət və hamiləlik dönəmində, əlbəttə hamiləliyin özünün də psixoloji tərəfləri var ki, hamilə xanımlar hər ay hamiləliyin müxtəlif ayında müxtəlif psixoloji narahatlıqlar, gərginliklər keçirə bilirlər. Hamiləlik dönəmində tərəflər arasında münasibətlər maksimum dərəcədə yaxşı olmalıdır.
Mən təklif edərdim ki, ailə qurmadan öncə tibbi, psixoloji müayinə də aparılsın. Son zamanlar tibbi müayinə bəllidir, psixoloji müayinənin də aparılması vacibdir. Burada psixoloji müayinənin hansı kriteriyaları bəlli olmalıdır ki, standart şəkildə müayinə aparılsın. Və mən təklif edərdim ki, hamilə xanımlar tibbi yoxlanışa mütəmadi gedirlər, o qaydada da psixoloji dəstək alsınlar. Əlbəttə, bu, arzu olaraq qalır. Çox az insan var ki, tibbi müayinə ilə yanaşı, psixoloji dəstək də alır. Hamilə xanımların tibbi müayinə qədər psixoloji müayinəyə də ehtiyacları var. Burada əsas vəzifə sahə həkimlərinin üzərinə düşür. Sahə həkimləri maraqlanmalıdır, hansı ailələr ki, konfliktlidir onları yönləndirməlidir. Hansı ki, o ailəyə tibbi dəstəklə bərabər, pisxiloji dəstək də lazımdır. Bu uşağın böyüməsi, inkişafı üçün vacibdir. Hamiləlik dönəmində risk qrupuna daxil olan ailələr var ki, onlara mütəmadi dəstək göstərilməlidir”.
Ayşən Azalova
Medianews.az