“Sumqayıt” klubu Azərbaycan çempionatlarının 30 illik tarixində ilk qolunu ən gec – mövsümdəki altıncı matçında vuran dördüncü komanda olub.
Medianews.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi dəqiqə baxımından digər üç uğursuzu qabaqlayıb.
“Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri görüşün üçüncü dəqiqəsində Almir Aqanspahiç fərqlənib. Komanda 453 dəqiqədən sonra qol vura bilib.
Mütləq antirekord isə 2015/2016 mövsümündə ilk qolunu məhz “Sumqayıt”la görüşün 90+4-cü dəqiqəsində vuran AZAL-a məxsusdur.
İlk qolunu ən gec vuranlar (ən azı beş oyundan sonra):
1. AZAL (2015/2016 mövsümü) – 540-cı dəqiqə, Aleksandr Quruli, “Sumqayıt”la oyun – 1:1;
2. “Xəzər-Lənkəran” (1992 mövsümü) – 471-ci dəqiqə, Məhərrəm Bağırov, “Energetik”lə oyun – 2:1;
3. “Göyəzən” (2004/2005 mövsümü) – 462-ci dəqiqə, Mehman Yunusov (öz qapısına), “Qarabağ”la oyun – 2:4;
4. “Sumqayıt” (2022/2023 mövsümü) – 453-cü dəqiqə, Almir Aqanspahiç, “Şamaxı” ilə oyun – 1:1.