Ukrayna prezidenti Zelenski Ukrayna ordusunun ruslara qarşı hücumunun uğurla davam etdiyini bildirib və 2000 kilometrlik əraziyə nəzarəti bərpa etdiklərini açıqlayıb.
Medianews.az xəbər verir ki, “Bütün Donetsk bölgəsi azad ediləcək. Rusların qaçması onlar üçün ən yaxşı seçimdir”, – deyə Zelenski bildirib.
7 aya yaxındır Rusiyanın işğalı altında olan Ukraynada vəziyyət dəyişməyə başlayıb. Ukrayna ordusunun son günlər bəzi torpaqlarını geri almağa başlaması bütün dünyanın gözünü yenidən bu bölgəyə çevirib.
Bu gün xalqa müraciətində bu sahədəki son hadisələri dəyərləndirən Zelenski sülhün yalnız Ukrayna bayrağı ilə gələcəyini bildirib.
“Ukrayna hər zaman geri dönəcək. Biz bunu ən yaxşı şəkildə sübut edəcəyik. Bütün Donetsk bölgəsi xilas olacaq. Rusiya yalnız kədər və iztirab gətirdi. Sülh olacaq. Sülh Ukrayna bayrağı ilə, ordumuzla gələcək”, – deyə Ukrayna lideri qeyd edib.
Ukrayna prezidenti ordu qərargahı ilə danışıqların davam etdiyini və lazımi addımların atıldığını bildirib: “Bu gün müşavirə keçirdim. Əməliyyat bölgələrinin komandirləri vəziyyətlə bağlı hesabatlar təqdim etdilər. Cəbhədə lazımi qərarlar qəbul edilib. Müdafiə naziri Reznikovun Ramşteyn aviabazasında keçirilən görüşün nəticələrinə gəlincə, hesabatı dinlədik. Əsgərlərimiz cəbhədə müxtəlif istiqamətlərdə hərəkətlərini davam etdirir. Hazırda sentyabrın əvvəlindən aktiv fəaliyyətlər çərçivəsində təxminən 2000 kilometr torpaqlarımız azad edilib”.
Zelenski daha sonra sözlərinə belə davam edib: “Rusların qaçması onlar üçün ən yaxşı variantdır. Ukraynada işğalçılara yer yoxdur və olmayacaq. Amma bir daha vurğulayıram ki, əgər rus əsgərləri və ya təhlükəsizlik qüvvələri Rusiyaya qayıtmağa qorxurlarsa, əsgərlərimiz tərəfindən əsir götürülən hər kəs Cenevrə müqaviləsinə uyğun münasibət görəcəyinə zəmanət veririk”.
Medianews.az