“Qarabağ”-“Frayburq” oyunundan sonra toxtaqlıq gətirən bir reallıq yarandı: doğrudan da “Frayburq”un naqolay qələbəsindən qazanmaq rahatdır, nəinki “Qarabağ”ın səviyyəli məğlubiyyətindən.
Şərqli emosoyalarını kənara qoyub ötəngünkü oyunu bir daha gözümüz önünə gətirsək, aydın görərik ki, artıq bir futbol komandamız var.
Bunu təkcə biz yox, alman şərhçilər, futbol mütəxəssisləri də dedi və dərgiləri də yazır.
Uzun illər soyuqqanlı, təpərli bir komandamız yox idi, əvəzində təsadüfi qollarla bizə epizodik qələbələr gətirən 11 çaşqın, çılğın oğlanımız var idi.
Düzdür, həmin oğlanlar bəzən Finlandiyanı məğlub edir, bəzən Portuqaliya ilə heç-heçə edirdi, ancaq bu fani anlardan sonra 8:0-lıq məğlubiyyətlər də özünü çox gözlətmirdi.
Həmişə Qərb komandaları ilə öz dillərində danışa bilən bir komanda arzulamışıq, təkcə futbolda yox.
Biz futbolda möhtəşəm qollar da vurmuşuq, gözəl qələbələr də qazanmışıq, ancaq heç vaxt beşlik ölkələrindən birinin komandasını meydanda yora bilməmişik.
Dünən ilk dəfə, bir alman komandasını meydanda yoran, əldən salan bir onbirlik gördük. Bu onbirliyin yorduğu komanda isə Bundesliqa lideri “Frayburq” idi. Düzdür, bu gün “Frayburq”a Bundesliqa lideri demək, tələskənlikdi, qarşıda xeyli oyunları qalıb, ancaq hazırkı göstəricilər imkan verir ki, rəqibimizi belə adlandıraq.
Qərblə öz dilində danışan, onların nəğmələrində özlərindən yaxşı oynayan bir Şərq komandası görmək bizi bir azərbaycanlı, qafqazlı yox, məhz Şərqli kimi sevindirməlidir.
“Qarabağ” Şərqin ilk modern komandasıdır.
Onbir çılğın oğlanı “Qarabağ” edən Qurban Qurbanov isə bizə nəhayət başa salır ki, problem vuran ayaqda yox, düşünən başdadır.
Təbii, qaliblər müzakirə olunmur və dünən “Qarabağ” qalib olmadı. Ancaq biz “Qarabağ” sözünü ürəyimizin başında tutub 30 il məğlub-məğlub dözən bir toplumuq və məğlubiyyətin, qələbənin nə olduğunu bizə özümüzdən başqa heç kəs anlada bilməz.
Biz qızılı məğlubiyyətlər, gümüşü qalibiyyətlərin nə olduğunu gözəl bilirik.
“Qarabağ”ın alman azarkeşlərinin oxuduğu nəğmələr altında oyununa baxanda iki əsr əvvəl alman şairi Bodenştedti və onun “Vazehin nəğmələri” kitabını xatırladım – Mirzə Şəfi Vazehin də bəzi şeirlərini öz adına çıxıb nəşr etdiyi kitabını…
Əsrlərdir istedad, cəsarət, güc fışqıran Qafqaz adamının bacarmadığı məhz komanda olmaq deyilmi?
Çarli Çaplin deyir, fillərə nifrət edirəm, çünki onlar nəhəng və sözəbaxandırlar.
Əgər nəhənglərin nəğmələri bir gün əllərindən alınırsa, demək, nəhəng istedadlar yetişdirməklə iş bitmir.
Onlarda bizim kimi olmur: bəhmənyarıları, nizamiləri, nəsimiləri olmayan bir məmləkətdən bir gün Höte çıxır və tarixin boşluq illərini cadu kimi sarmış “Faust”u yazaraq qədim mətnlərlə möhkəm bağları olmayan alman ədəbiyyatını müqəddəs kitablara ismarlayır. Bu gün tarixi plastda “intellektual fırıldaqçılıq”la “sərasər ədəbiyyat”ın fərqi görünmür, çünkü “Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı”nda Höte var, Nizami yox.
Nizamidən Höteyə, Hötedən müqəddəs kitablara gəlmək, ordan da futbola qayıtmaq kimisə bığaltı qımışdıra bilər, ancaq unutmayaq ki, futbol kimin üçünsə hobbi, kimin üçünsə həyat tərzi, kimin üçünsə kapitalist oyunudur. Lakin komandalaşmaq müqəddəs iş olsa da, komanda “ol!” deməklə olmur.
Təbii, futbol Qərbin oyunudur. Ancaq bu oyuna getməməyin ən gözəl yolu da onu yaxşı oynamaqdır.(Qafqazinfo.az)