Artıq iki ilə yaxındır ki, Azərbaycan diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan Şuşa səfəri davam edir. Dünyanın müxtəlif tərəflərində yaşayan həmvətənlilərimiz zaman-zaman Azərbaycan Diasporunun səyi nəticəsində öz yurd-yuvalarına gəlmək şansını əldə edə bilirlər. Azərbaycanın Qarabağı azad etməsindən sonra proses bu istiqamətdə davam edir.
Bəs görəsən 30 ildir vətəndən kənarda Qarabağ həqiqətlərini dünyaya çatdıran diaspora rəhbərlərimiz Qarabağda olarkən hansı hissləri yaşayıblar?
Mövzu ilə bağlı Şuşa səfərindən dönən xaricdə yaşayan həmvətənlərimiz, diaspora rəhbərlərimiz Medianews.az-a danışdılar.
Azərbaycan Qarabağ Azadlıq Mərkəzi dərnəyinin sədri, Yöteborg Azərbaycan Evi Birliyinin başqanı, İsveçdə yaşayan Azərbaycanlıların Kordinasiya Şurasının fəal üzvü, Dispora iş üzrə Dövlət Komitəsinin ən fəallarından olan Nəcəfova Ülviyyə uzun müddətdir bu günü gözlədiklərini bildirdilər. O, bizimlə söhbətində Şuşa səfəri zamanı keçirdiyi hisslərdən danışdı:
“Bunu sadəcə yaşamaq lazımdır. Bu səfərimi ömrümün sonuna qədər unutmayacam.
10 yaşımadək Xocavənd rayonunun Axullu kəndində böyümüşəm. Xocavənd işğal olunduqdan sonra Füzulinin kəndlərində məskunlaşmalı olduq. Füzulini isə 1993-cü ilin yayında tərk etdik. 30 il həsrətində olduğum torpaqlara ayaq basdıqda göz yaşlarımı saxlaya bilmədim. Həyatımın ən gözəl günü idi. 30 illik həsrət qısa həsrət deyil. Biz xəyallarımızda Şuşa, Qarabağla yaşayırdıq. Ordumuz, xalqımız sayəsində xəyalımız reallaşdı. Biz artıq qərib ölkədə alnıaçıq gəzirik. Qalib ölkənin vətəndaşı olmaqdan qürur duyuruq. Vətəndən uzaqda olmağımıza baxmayaraq, hər zaman ölkəmizə dəstək olduq.
Sevincimi ikiqat artıran məqam isə Xocavəndi- ata yurdumu ziyarət etməyim oldu. Mən ora 42 yaşlı biri kimi yox, 8 yaşlı qız kimi getdim. Orada uşaqlıq xatirələrimdən nişanə axtardım, təəssüf ki, vandallar oranı viranə etmişdi. Kədərləndim ki, atam bu anı yaşaya bilmədi. O torpaqlar mənim müqəddəs yerimdir, qibləgahımdır, Məkkəmdir. Çünki o torpaqlarda şəhidlərimizin qanı var, o yerləri gəzərkən asta-asta gedirsən ki, şəhidlərin ruhuna toxunmayasan. Şəhidimiz, eyni zamanda əmim Qəhrəman Nəcəfov və oğlu Səbuhi Nəcəfov da 1992-ci ilin yanvarın 9-da Xocavənd uğrunda gedən döyüşlərdə həyatını itirmişdir. Buna görə o torpaqlar bizim üçün ikiqat doğmadır.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Mayisə Ağamirzəyeva xaricdə yaşayan azərbaycanlıların Qarabağa səfərlərini yüksək qiymətləndirdi:
“Bu səfərimi heç zaman unutmayacam. İki gecə Şuşada qalmaq mənə yuxu kimi gəldi. Xüsusilə də gənclərin yay düşərgələrinin orada olması çox gözəl addım olub. 30 il idi ki, Şuşaya həsrət qalmışdıq. Hamımız Qarabağlı, Şuşalı olmuşuq. Vətəndən uzaqda yaşayanların- ürəyi Qarabağla döyünənlərin ora getməyə haqqı var. Həmvətənlilərimiz viranə qoyulan, xarabalığa çevrilən evləri- orada gördüklərini Azərbaycanın hüdudlarından kənarda dünyaya çatdırırlar. Azərbaycandan kənarda yaşayanların Şuşanın füsunkar təbiətini, gözəlliyini, “Bülbülün ev muzeyi”ni, “İsa bulağı”nı görməsi müsbət haldır. Əminəm ki, Şuşa qısa zamanda yenidən bərpa olunacaq. Bundan sonra Şuşaya, Qarabağa səfər edən hər bir xaricdə yaşayan azərbaycanlı bu səfalı yerləri görmək üçün özü ilə əcnəbi vətəndaş da gətirəcək”.
Əbdürrəhim bəy Haqverdiyevin Almaniyada yaşayan qardaşı nəvəsi, həmvətənlimiz Nəsimi Sadıqov Şuşada ata-baba yurdunu ziyarət edib. O, səfər zamanı keçirdiyi hislərindən danışarkən bu günü uzun zamandır gözlədiyini dedi:
“Mənim üçün çətin idi. Aşırımları enib, Şuşaya çatdıqda elə abu-havaya düşdüm ki… Hələ də özümə gələ bilmirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığ versin”
O, Əbdürrəhim bəyin böyüyüb, təhsil aldığı yeri də ziyarət edib:
“Şuşa zadəgan bəylərindən Həsənalı bəyin yurdu olub. O, burada beş övlad böyüdüb tərbiyələndirib: Həmid, Əsəd, Abbas, Zeynaləbdin və Əbdürrəhim bəy. Onlar Şuşada yaxşı insan kimi tarixdə qalıblar. İndi bu qurulan evi erməni vandalları amansız hala salıb. Əbdürrəhim bəy uşaqlıq illərini Muğanlı kəndində Ağdamda keçirib. Haqverdiyev doğulan zaman Muğanlıda 2 qoşa çinar ağacı əkilmişdi. Vandallar onları da məhv ediblər. Tariximizi silməyə çalışıblar”.
Aysel Şirinova
Medianews.az