Bildirilir ki, ermənilər bu dəfə Azərbaycana dair mədəniyyət abidəsini deyil, öz xalqına dair büstləri dağıdıblar. Hətta büstlərdən birinə dodaq boyası da çəkilib.
“Jermuk şəhərinin mərkəzi parkında yarısökülmüş vəziyyətdə olan nəhəng ictimai-regional kompleks var. Orada ermənilərin böyük şəxsiyyətlərinin büstləri qoyulub. Bunlar Komitas, Sevak, Tumanyan, Aram Xaçatryan, Martiros Saryan və onlarla başqa şəxslərdir. Mən orada çoxlu büst görmüşdüm. Amma estetika və heykəltəraşlıq baxımından heç bir yerdə belə uğurlu əsərlər görmədim. Üstəlik, bütün büstlər çox uğurlu hazırlanmışdı. Bu, bizim bugünkü reallıqda unikal bir hadisədir.
İki-üç il əvvəl bu büstlər yalnız müxtəlif xoşagəlməz rənglərə boyanırdı və onları hələ də xilas etmək mümkün idi. İndi dəhşətli vəziyyət yaranıb. Demək olar ki, bütün büstləri ya qırıblar, ya da onlar tamamilə sıradan çıxıb. Bizdə nə qədər vandalizm, sənətə, elmə nifrət hissi yaranıb? Belə möhtəşəm əsərlərin nəinki sadə vətəndaşlar tərəfindən tapdalanması, hətta dövlət və ictimai xidmətlər tərəfindən də diqqətdən kənarda qalması insanın ürəyini ağrıdır.
Jermuk şəhərinin rəhbərliyi bunu görmürmü? Təkcə şəhər küçələrinin abadlaşdırılmasına diqqət yetirilməlidirlər? Beləliklə, biz tariximizi və ona olan hörmətimizi itiririk”, – erməni alim öz xalqının vandalizmindən gileylənib.
Qeyd edək ki, ermənilər heykəllərə, mədəni abidələrə hücumları ilə ad çıxarıblar. Onlar nəinki bir vaxtlar işğal olunmuş torpaqlarda Azərbaycana aid abidələri dağıdıblar, vandallıqlar törədiblər, hətta öz ölkələrində belə dəfələrlə heykəl və abidələrə hücumlar ediblər. Məsələn, ötən il Ermənistanda Hindistanın fəxri sayılan Mahatma Qandinin heykəli də yandırılmışdı. (AzVision.az )