“Uşaqları sevmək ürək, mərhəmət, qəlb istəyir. Fiziki və ya əqli məhdudiyyətli biri ilə hələ bu bir uşaqdırsa, elə davrananın özü əslində beyindən şikəst, psixologiyası çox zəif və uşaqlıqda o travmaları yaşayan birisidir. Biz “uşaqdır” deyib keçirik, lakin uşaqlığımızda aldığımız hər travma müalicə olunmazsa gələcəkdə bütün davranışlarımıza təsir edəcək”
Bu sözləri Dəcəl Balam Ailə və Uşaq Mərkəzinin rəhbəri Dilşad Musa Medianews.az-a açıqlamasında deyib:
“Məni ən çox üzən tərəfin biri də mərkəz rəhbərləri və onların iş strategiyasıdır. Ailə və uşaq inkişaf klubunu ilk biz yaratdıq. “Dəcəl Balam” ailəsi olaraq minlərlə bir-birini tanımayan ailələri eyni platformada birləşdirdik. Bizi birləşdirən bilirsiniz nə oldu? Sevgi, uşaqlara sevgi-qayğı. Sevginin olmadığı hər işdə belə zorakılığı və nalayiq davranışları müşahidə edə bilərsiniz”
Dilşad Musa həmçinin qeyd edib ki, uşaq mərkəzlərinə gəlir obyekti kimi baxmaq yanlışdır:
İllər keçdikcə mərkəzlərin sayı artdı. Hamı eyni üsulla – bizim qoyduğumuz qaydalarla davam etdi. Lakin onlar bu işin əsası olan sevgi, qayğı hissəsinə əməl etməyi unutdular. Düzdür, görülən işin mənfəəti qarşılığı olmalıdır, amma bu işə biznes obyekti kimi yanaşmaq düzgün deyil. Mərkəz işlətmək üçün ilk növbədə uşaqları içdən sevmək, hər birinə eyni qayğı ilə münasibət göstərmək lazımdır. Uşaqları ürəkdən duyduqca onlardan öyrənəcəyimiz çox şeylərin olduğunu hiss etmək olur.
Mərkəz rəhbəri uşaqların əmanət olunduğu şəxslərin psixologiyası məsələsinə də toxunub:
Uşaqlarla işləyən adamların mənəvi səbri yerində olmalıdır. Təklif edirəm ki, onlarla xüsusi davranmağı bacarmayan, işin dərinliyini bilməyən insanları işə götürməsinlər. Belə mərkəzlər isə ümumumiyyətlə bağlanmalıdır. Mən güman edirəm ki, bu nə ilk deyil, nə də son olacaq. Buna görə də həmin şəxs müalicə və psixoloji yardım almalıdır.
Bu kimi halların yaşanmaması üçün mərkəz rəhbərlərinin və əməkdaşlarının hər birinə psixoloji rəy verilməlidir. Dünyagörüşlü və övladını sevən valideyn də onu kimə əmanət etdiyini yaxşı araşdırmalıdır.
Bu hadisə valideyn-övlad münasibətlərini də gündəmə gətirir. Valideynin övladı ilə mənəvi bağı olmadığı üçün uşağın ruh halını görmür. Düşünürəm ki, uşaqla ünsiyyəti daha dərin olsa idi, ilk gündən onun zorakılığa məruz qaldığını anlayardı. Valideynlər övladları ilə nə qədər çox söhbət etsələr onlara daha çox dəstək olmuş olarlar. Övladını dinləməyən valideyn, problemini bilməyən ata – ana mütəxəssisdən hansı köməyi gözləyir ki?!
Bütün bu problemlərin kökündə isə təhsilsiz və sevgisiz olmaq durur. Maarifləndirmək, inkişaf etmək və sevgi ötürmək lazımdır.
Medianews.az