Ötən gün Oğuzda 3 nəfərin 16 yaşlı qızı qaçırması bölgələrdə illərdir daşlaşmış “qızqaçırma” olayını yenidən gündəmə gətirib.
İllər əvvəl ailələr adətən elə “qızqaçırma” üsulu ilə qurulub. Məlumat üçün bildirək ki, hazırda qanunvericiliyə görə, “qızqaçırma” adam oğurluğu sayılır.
Bəs respublikada il ərzində neçə “qızqaçırma” hadisəsi qeydə alınıb?
Medianews.az xəbər verir ki, modern.az-ın bu barədə sorğusunu Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev cavablandırıb.
E.Hacıyev qeyd edib ki, “qızqaçırma” mühafizəkar adətdir, cəmiyyətdə buna birmənalı münasibət yoxdur:
“Bu qaçırılma niyyəti qarşı tərəfin iradəsinə ziddirsə, burda cinayət – adam oğurluğunun tərkib əlamətləri yaranır. Əlbəttə, qarşı tərəfin iradəsinə zidd hal yoxdursa, burada qaçırılmaya da lüzum yoxdur. Bu halın xüsusiyyətləri cəza təyin edilərkən nəzərə alınır”.
Bununla belə DİN rəsmisi deyib ki, Azərbayanda “qızqaçırma” kütləvi xarakter daşımır:
“Azərbaycanda il ərzində orta hesabla qızqaçırıma halı birrəqəmli həddədir”.
Qeyd edək ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Cinayət Məcəlləsində Azərbaycan xalqının qız qaçırmaq adəti adam oğurluğu kimi tanınıb və 144-cü maddədə ehtiva olunub. Həmin Məcəllə ilə bu əməl 5 ildən 10 ilədək, eyni əməllər yetkinlik yaşına çatmamış şəxs barəsində törədildikdə isə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.