Paşinyan dövlət universitetlərinin yarısını bağlamaq, qalanını isə Aştakdaraqa vermək niyyətindədir.
“Biz universitetlərin konsolidasiyası və bəzi elmi-tədqiqat institutları ilə inteqrasiya yolu tutmalıyıq. Ölkədə beynəlxalq standartlara uyğunlaşdırılacaq səkkiz universitet qalmalı, digərləri bağlanmalıdır”.
Bunu bu gün hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, artıq ali təhsil sahəsində islahatlara başlamağı təxirə salmaq olmaz. Paşinyanın fikrincə, qəbul imtahanlarının məyusedici statistikası bunun üçün güclü stimul olmalıdır.
Ermənistanın baş naziri xatırladıb ki, bu il dövlət universitetlərində 40%-ə yaxın, özəl ali məktəblərdə isə 98%-ə yaxın yer boş qalıb: “Elə dövlət universitetləri var ki, onların statistikası özəl universitetlərə yaxındır”.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan universitetləri infrastruktur və təhsilin keyfiyyəti baxımından beynəlxalq standartlara cavab vermir: “Universitet standartları ölkədə ya yoxdur, ya da işləmir. Ali təhsilli insanlar çox vaxt bazarda rəqabətə davamsız olurlar”.
Paşinyan onu da bildirib ki, akademik şəhərcik Araqatsotn vilayətinin Aştarak şəhərində tikiləcək. Birləşən və yenilənən universitetlər zamanla burada fəaliyyətə başlayacaq: “Bütün bunlara müqavimət göstəriləcək, lakin indi belə qərarlar qəbul edilməsə, biz fəlakətlə üzləşəcəyik. Biz artıq fəlakətlə üz-üzəyik”. (Bakupost.az )