Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni erməni yaraqlılarına qarşı həyata keçirdiyi “Qisas” anti-terror əməliyyatından qısa müddət sonra Brüssel və Moskvada İlham Əliyevlə Nikol Paşinyanın da iştirak edəcəyi növbəti üçtərəfli görüşlərin keçiriləcəyi söylənilir. Bu görüşləri zəruri edən nədir? Brüssel və Moskvada keçiriləcək yeni üçtərəfli görüşlərdən hansı nəticələr əldə oluna bilər?
Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq İlyas Hüseynov qeyd edib ki, Rəsmi Bakı bütün platformalarda 3 tərəfli birgə bəyanatın 4-cü maddəsinə çağırış edir və xüsusilə də bununla bağlı cənab Ali Baş Komandan İlham Əliyevin də çox önəmli mesajları və iradları bəyan olunmuşdur.
“Qeyd edim ki, “Qisas” anti-terror əməliyyatı siyasi və hərbi müstəvidə Azərbaycana böyük uğurlar qazandırdı. Və bu qısamüddətli əməliyyat nəticəsində bir sıra yüksəkliklər Azərbaycan tərəfinin nəzarətinə keçdi. Həmin yüksəkliklər – “Sarıbaba”, “Qırxqız” və “Buzdux” Azərbaycan üçün çox önəmlidir.
Qarabağ ərazisində Ermənistan separatçıları fəaliyyət göstərirlər, Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri regionu tərk etməyiblər, baxmayaraq ki, sülhməramlılar bölgəyə yerləşdirildikdən sonra onlar 3 tərəfli birgə bəyannaməyə əsasən regonu tərk etməli idi.
Bu faktın mövcudluğu regionun təhlükəsizliyinə mənfi təsir göstərir.
Eyni zamanda, bu gün Brüsseldə Cənab Ali Baş Komandan İlham Əliyevin köməkçisi Hikmət Hacıyevlə, Ermənistanın təhlükəsizlik şürasının katibi Arnen Qiriqoriyan arasında görüş keçirildi və hər zaman ali səviyyədə görüşlər keçirilməzdən öncə müxtəlif təmaslar həyata keçirilir, bu təmaslar Xarici işlər nazirləri, eləcə də xüsusi nümayəndələr səviyyəsində icra olunur görünür ki, Brüsseldə xüsusi nümayəndələrin görüşü həm də Cənab Ali Baş Komandan İlham Əliyev ilə Ermənistanın baş naziri Nikoil Paşinyan arasında keçirilən görüş üçün hazırlıq xarakteri daşıyır.
Azərbaycanın göstərdiyi iradə, prinsipiallıq, qətiyyət, bütün vasitəçi tərəflərin diqqətinə çatdırılmışdır.
ABŞ, Rusiya və regionda hazırda vasitəçilik imkanlarını genişləndirmək istiqamətində addımlar atan Avropa İttifaqında Azərbaycanın qırmızı çizgilərini bilirlər. Bu, ölkəmizin ərazi bütövlüyü, suverenlik, beynəlxaq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaqdır. Azərbaycan bu beynəlxaq hüququn prinsiplərini rəhbər tutaraq beynəlxaq səviyyədə tanınmış sərhədlərinin öz yurisdiksiyası siyasətinin qurulmasında qətiyyətlidir”.
Ayşən Azadova
Medianews.az