Yay mövsümü ilə bağlı bütün dünyada TV-lərin “efir setkası” bir qədər dəyişir. İlboyu efirdə olan proqramlar, tok-şoular, seriallar tətilə göndərilir, isti mövsüm üçün yeni layihələr hazırlanır. Yay mövsümü ilə bağlı əyləncəli verilişlər, yay serialları təqdim edilir. Bizdə isə daha çox köhnə verilişlər və seriallar nümayiş etdirilir. Bəs görəsən bunun başlıca səbəbi nədir?
Mövzu ilə bağlı tanınmış aparıcı Turan İbrahimov Medianews.az-a danışdı. Bildirdi ki, yay mövsümü televiziyaların ən çətin dönəmi hesab edilir:
“İyunun sonundan etibarən köhnə mövsüm bitir, məzuniyyətlər başlayır. Həm də nəticə etibarı ilə növbəti telemövsümün müzakirələri olunur. Bundan əlavə də yay mövsümündə reklam büdcələrinin televiziyalarla bağlı olan hissəsi demək olar ki, dondurulur. Televiziyalara yeni reklam təklifləri edilmir. Televiziyalar üçün yay maddi baxımdan kritik dövrdür. Yəni ən ağır zamanlardır.
Həm məzuniyyət olduğu, həm də yeni mövsümə hazırlıq planları aparıldığına görə reklamın azlığı, büdcənin məhduduluğu televiziyaları bu müddətdə daha az xərclə tamamlamaq prespektivi yaradır. Ümumiyyətlə yay mövsümündə televiziyaya baxımlılıq da azalır. Ona görə də həm bizdə, həm də dünyanın müxtəlif ölkələrində televiziyalar ötən telemövsümün ən çox izlənən verilişlərini, seriallarını, öz yayım setkalarına daxil edib təkrarlarını nümayiş etdirirlər.
Bu zaman televziyalarda kiçik büdcəli verilişlər hazırlanır. Son illər Türkiyə kanalları yeni təcrübənin əsasını qoyublar. Onlar yay mövsümündə bir neçə serialı yayıma buraxırlar, bu seriallar yay məhsulu kimi efirə çıxır. Onların müəyyən mənada izlənilib izlənilməyəcəyini təcrübədən keçirirlər. Əgər izlənmə varsa növbəti mövsüm üçün uzanır. Bizim telekanallara da az büdcəli verilişlər nümayiş etdirirlər”.
Medianews.az