Son bir neçə həftədir ki, mediada, eləcə də sosial şəbəkələrdə 1993-cü il martın sonu, aprelin əvvəlində Kəlbəcərdə baş verdiyi iddia olunan bir hadisə barədə məlumat yayılır. Yayılan məlumatda Birinci Qarabağ müharibəsində Kəlbəcərin mərkəzinə enən 2 helikopterdən bəhs edilir. Həmin helikopterlərin Gəncədən gəldiyi bildirilir. Helikopterlərə düşmənin əlinə keçməsinlər deyə əsasən gənc xanımların mindirildiyi iddia edilir. Qeyd olunur ki, helikopterlər səmaya qalxandan sonra kəlbəcərlilər erməni hiyləsinə aldandıqlarını başa düşsələr də, artıq gec olub. Daha sonra o helikopterdən heç bir xəbər almaq mümkün olmayıb.
Hər iki helikopter Azərbaycanın dövlət sərhədini keçib Ermənistana tərəf uçub…
İllər keçsə də həmin iki helikopterdəki qadınların taleyindən heç bir xəbər çıxmayıb.
Mövzu ilə bağlı I Qarabağ müharibəsinin canlı şahidi, dünyaca məşhur fotoqraf Reza Degati danışıb.
O, Medianews.az-a açıqlamasında hazırda Qarabağda olduğunu və belə söz-söhbətləri indi eşitdiyini vurğulayıb:
“Hazırda yenə Qarabağdayam. Mövzu ilə bağlı son zamanlar çox söz-söhbətlər eşitmişəm. I Qarabağ müharibəsi ərəfəsində belə bir mövzu yox idi. Mən bunu II Qarabağ döyüşlərdindən sonra eşitdim. Bu məsələ indi yayılıb. O zaman bu barədə heç danışılmırdı da. Biz işğal olunmuş torpaqlardan qonşu kəndlərə pənah gətirən insanların yanında olmuşuq. Onların danışdıqları bütün hekayələri dinləmişik. Ancaq belə bir söhbət eşitməmişik.
İndi eşidirəm ki, o zaman xilasedici helikopter gələrək qadınları aparıb. Helikopter havaya qalxanda onun İrəvana getdiyini görüblər. Belə bir hadisə baş verməyib, versəydi eşidərdik. Yəni o zamankı döyüşlərdə də, köç zamanı da mən orda olmuşam”.
Xəyalə Rəis
Medianews.az