Vətən müharibəsinin başa çatmasından iki il keçir. Müharibədən geri qayıdan hərbçilərimizin gördükləri dəhşətli mənzərənin təsirindən çıxmaq üçün psixoloji yardım almaları mühüm əhəmiyyət kəsb edir. Hərbçilərimizə xüsusi diqqət göstərilməsi üçün hərbi psixoloq dəstəyi yoxdur.
Bununla bağlı psixoloq, psixoterapevt Fərqanə Mehmanqızı Medianews.az-a açıqlamasında bildirib ki, ölkənin hərb sahəsində psixoloq fəaliyyəti formalaşdırılmalıdır:
“Azərbaycanda hərbi psixoloqlar yoxdur, amma universitetlərimiz kifayət qədər mütəxəsisslər hazırlayır. Bundan başqa Daxili İşlər Nazirliyi elan verərək öz psixoloqlarını yetişdirməlidir. Çox sayda hərbi psixoloqlar hazırlamalı və onların fəaliyyət göstərməsinə nail olmalıdır. Lakin dövlət öz yetişdirdiyi psixoloqlardan istifadə etmək istəmir.
Necə ki, hərbi jurnalistika, hərbi həkim var, eləcə də hərbi psixoloqlar olmalıdır. Hətta bununla bağlı Müdafiə Nazirliyinin öz səhifəsində hərbi psixoloji kafedra var idi. Müharibədə olan qazilərlə, onların yaxınlarıyla, şəhid ailələri ilə söhbətlər aparılmalıdır.
Müharibədən insanların psixologiyasında müəyyən gərginliklər qalır, bunlar müharibədə iştirak edən hərbçilərimiz, onların ailələri, şəhid ailələri, eləcə də müharibədə hər şeyini itirmiş, müharibənin dəhşətini yaşamış insanların psixoloqla ünsiyyətləri vacib amildir. Nəzərə alsaq ki, I Qarabağ müharibəsi bizim dövrümüzün uşaqlıq illərinə təsadüf edib. Hazırda biz II Qarabağ müharibəsinin canlı şahidi olduq.
Karantin insanların psixologiyasını korlayıb. Karantindən sonra psixologiyanın müharibəyə yönəldilməsi xalq üçün ağırdır. Dövlət qurumları bunları nəzərə alıb, müəyyən təkliflər irəli sürməli və psixoloqlara müraciət edib onları ərazilər üzrə hərbi və ya fərdi xəstaxanalara yerləşdirməli idi.
Biz də o ərazidə olan qaziləri, Vətən Müharibəsi iştirakçıları ilə vaxt aşırı görüşlər keçirməli, danışıqlar aparmalı, onların psixoloji vəziyyətləri ilə daha yaxından tanış olmalıydıq. Belə olsaydı, bu gün intihar hadisələrinin sayı az olardı və baş verən hadisələrin qarşısında məsuliyyət daşıyan insanlar olardıq.
Qazilər haqqında araşdırılma aparılarkən psixoloqlarla əlaqə saxlanılsaydı və psixoloq öz növbəsində qaziyə aid protokolaşdırdığı psixoloji rəyi lazım olan qurumlara təqdim etsəydi dövlətin də üzərində bu qədər məsuliyyət düşməzdi. Normal bir mühitdən çıxan insan müharibəyə aparılaraq orada “sən öldürməlisən” və “ölümə hazır olmalısan” psixologiyası öyrədilir. Hərbçilər orada şəhid olmuş, yaralı, minanın təsirindən bədəni müxtəlif parçalara ayrılmış insanları görürlər və onlar sivil həyata qayıtdıqda yaşadıqlarını unutmağı istəyirik. Bu mümkün deyil, çünki onlarda travma olur, onlar özlərindən asılı olmayaraq özlərini müdafiə edirlər. Sadə həyata adaptasiya olmaqları asan deyil. 2-3 il onlarla psixoloji söhbətlər aparılmalıdır”.
Ayşən Azadova
Medianews.az