Bəzi xidmət və iş sahələrinin fəaliyyətinin bərpa olunması, eyni zamanda yeni tədris ilinin başlanmasının yaxınlaşması, yollarda hərəkət intensivliyini və sərnişindaşımalara tələbatı əhəmiyyətli dərəcədə artırıb.
Bəs görəsən yeni tədris ili başladıqdan sonra artan sıxlıq yollarda hər hansı təhlükə mənbəyinə çevrilə biləcəkmi?
Bununla bağlı Yol-nəqiliyyat eksperti İlqar Hüseyinli Medianews.az-a açıqlamasında qeyd edib ki, bu kifayət qədər həlli çətin olan bir məsələdir:
“Paytaxtımızda hər zaman sıxlıq olub və olmaqda davam edir. Təəssüf ki, bu illərdir aktual olan bir problemdir. İndi yeni tədris ilinin başlaması ilə bağlı olaraq sıxlıq daha da intensivləşir. Tələbələrin rayonlardan Bakıya gəlməsi, valideynlərin bir qismi uşaqlarını məktəbə öz şəxsi avtomobilləri aparması yolda tıxaclara səbəb olur və ictimai nəqliyyatın fəaliyyətində gecikmələr yaradır. İctimai nəqliyyatın gecikməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi ciddi tədbirlər görməlidir. İctimai nəqliyyat xüsusi rejimə keçməli, hər bir daşıyıcı şirkət bu prosesə indidən nəzarət etməlidir. Tədris ilinin fəaliyyətə başlamazdan öncə avtobusların tezlik intervalında dəyişiklik olmalı, xətdə çıxan avtobusların sayı artırılmalıdır. Hətta insanların rahat istifadəsi üçün yeraltı nəqliyyat vasitələrində belə əlavə vaqonlar reysə çıxardılmalıdır. Bu, yollarda tıxacların azalmasına səbəb ola bilər. Ümumiyyətlə dünyada belə bir təcrübə var. Pik saatlarında xəttə çıxan ictimai nəqliyyat vasitələrinin sayı artırılır bununla bağlı ictimai nəqliyyatın fəaliyyətini həyata keçirən sektor özü balanslaşdırıcı tədbir görür.
Hazırda Bakı şəhərində yeni infrastrukturlara cavab verməyən, komfortsuz fəaliyyət göstərən, avtobus növləri var ki, artıq onlar yeniləri ilə əvəz olunmalıdır. Belə hallarda vətəndaşlar ictimai nəqliyyatlardan istifadə etmirlər və bu da digər nəqliyyat növlərində sıxlığa səbəb olur”.
Ayşən Azadova
Medianews.az