Dünən “Bəxt üzüyü” filminin sevilən obrazı -Sevda dünyasını dəyişdi. 62 yaşında həyatla vidalaşan Firəngiz Rəhimbəyova ABŞ-da yaşayırdı. Bu barədə məlumatı rejissor Namiq Şirəlibəyov bildirdi.
Tamaşaçılar onu daha çox “Bəxt üzüyü” filmindəki obrazı ilə tanısalar da, Firəngiz Rəhimova bir çox obrazların ifaçısıdır. O, həm də musiqiçi kimi bir çox mahnıların müəllifidir.
Onun ölümü sənətçinin sənət dostlarına da təsir etdi. “Bəxt üzüyü” filminin aparıcı obrazlarından birini canlandıran Xalq artisti Afaq Bəşirqızı Medianews.az-a açıqlamasında Firəngiz Rəhimbəyovanı unudulmaz sənətkar kimi xatırlayacağını vurğuladı:
“Firəngiz xanım “Bəxt üzüyü” filminə rejissor seçimi ilə gəlmişdi. Onun obrazını hər kəs Sevda kimi təqdim etsə də, o rolun əsl adı Seda idi. Çünki onu Vaqif Səmədoğlu azərbaycanlı kimi təqdim etməmişdi. Ona görə bu obrazın adını Seda qoymuşdu. Seda obrazı sevildi, özünü doğrultdu. Hamımız onun işindən razı qaldıq. Sonra o Amerikaya köçdü.
Mütəmadi olaraq Bakıya gəlir, efirlərə qatılırdı. Hətta bir dəfə Valeh Kərimovla bir verilişə çəkildi. O zaman mən burada deyildim.
Onun ölümü bizim üçün gözlənilməz hadisə idi. Heç vaxt səhəttindən şikayət etməmişdi. Tanrının yazısına pozu yoxdur. Allah rəhmət etsin. O dünyasını versin. Firəngiz xanımı heç vaxt unutmayacağıq. Nə qədər ki, “Bəxt üzüyü” var, demək Firəngiz obrazı da var. Firəngiz o filmlə öz istedadını bir daha təsdiq etdi. Allah rəhmət eləsin”.