Azərbaycanın tanınmış müğənni və aktrisası Firəngiz Rəhimbəyova vəfat edib. “Bəxt üzüyü”ndən Seda kimi tanıdığımız aktrisanın ölüm xəbəri onun sənətçi dostlarını da məyus edib.
Mərhum sənətkarın sənət dostu, aktyor Valeh Kərimov Medianews.az-a açıqlamasında Firəngiz Rəhimbəyova ilə “Bəxt üzüyü” filminin çəkiliş zamanı tanış olduğunu bildirib:
“Firəngiz Rəhimbəyovanı insani keyfiyyətləri ilə yanaşı, eyni zamanda gözəl dost kimi xatırlayıram. Bundan sonra da hər zaman yaxşı sənətkar kimi xatirimdə qalacaq.
Bilirsiniz ki, o həm də ifaçı idi. Onun ifasında 80-90-cı illərin mahnılarını yenidən yaşayırıq.
“Bəxt üzüyü-2” filmi çəkiləndə də biz onunla görüşüb, xeyli söhbət etdik. Firəngiz xanımla birgə bir çox verilişlərə dəvət alırdıq. İndi onun haqqında keçmiş zamanda danışmaq mənə çox pis təsir edir…
Firəngiz gözəl sənətkar, sevilən aktrisa, müğənni idi. Mən onu heç vaxt unutmayacam. O mənim yaddaşımda elə Seda kimi qalacaq. Hər zaman gülərüz, şən, enerjili…
Firəngiz xanım yaxşı həmkar idi. Onunla birlikdə obraz canlandırmaq insana zövq verirdi. O peşəkar aktrisa deyildi, amma baxırdıq ki, canla başla çalışır. Hər şeyi yerində etməyə səy göstərir. Mən də ondan geri qalsam, ayıb olardı. Ona görə çalışırdıq ki, bir-birimizi tamamlayaq. Obraz canlandırarkən də bir-birimizi yaxşı anlayırdıq. Mən gördüyüm qədəri ilə yaxşı da tərəf müqabili olmuşuq.
“Bəxt üzüyü” filminin çəkilişi zamanı şirin zarafatlarımız olurdu. Onun təcrübəsi olmasa da, soruşmaqdan utanmırdı. Ssenarini oxuyanda, nəyisə anlamırdı, gəlib deyirdi: “Bu söz nə deməkdir?” Mən də izah edirdim. Allah rəhmət eləsin”.
Medianews.az