“İrəvan teatrının indiki vəziyyəti uşaq bağçasını xatırladır”.
Tanınmış aktyor Əjdər Zeynalov irili-xırdalı bir çox filmlərdə əsas obrazlar canlandıran aktyorlardandır. 38 ildir ki, teatrda çalışan aktyor 5 ildir ki, işsizdir. Aktyor Medianews.az-a müsahibəsində bu 5 ildə işsiz qaldığını və dəfələrlə Mədəniyyət nazirliyinə müraciət etsə də, heç bir nəticəsinin olmadığını vurğulayıb.
– Artıq yeni mövsümün astanasındayıq. 5 ildir ki, teatrdan uzaq düşmüsünüz. Yeni mövsümdə sizi hansı teatrda görəcəyik? İşinizlə bağlı hər hansı teatra müraciət etmisinizmi?
– 5 ildir ki, Mədəniyyət Nazirliyinə müraciət etsəm də, mənə yalnız bir cavab verirlər- “Səbrli ol”. Hətta Mədəniyyət naziri Anar Kərimovla görüşmüşəm. O da söz verdi ki, məni işlə təmin edəcək, amma hələ ki, heç bir xəbər yoxdur. Ondan başqa nazir müavini Elnur Əliyevin 10-15 dəfə qəbuluna getsəm də görüşə bilməmişəm. Millət vəkilimiz Qənirə Paşayeva 2 dəfə məni qəbul edib, dinlədikdən sonra müvafiq qurumlara müraciət etdi.
Bilirsiniz necədir? Heç kim sənin probleminlə maraqlanmaq istəmir. Əgər mədəniyyət nümayəndələrinin problemi ilə Mədəniyyət Nazirliyi maraqlanmırsa, bəs biz hara gedək? Kimə şikayət edək? Biz Mədəniyyət Nazirliyinə tabeyik və onlara müraciət etməliyik. Nazirlik və onun əməkdaşları bizim problemlərimizi həll etməlidir, bizimlə maraqlanmalıdır.
– Uzun müddət çalışdığınız İrəvan Dövlət Azərbaycan Dram Teatrına geri dönə bilməzsinizmi?
-Hər kəs bilir ki, uzun illər çalışdığım teatrın direktoru İftixar Piriyev məni şər-böhtanla işdən çıxarıb. Axı onun özbaşınalığı nə vaxta qədər davam edəcək? Teatrda olan bütün problemləri bilə-bilə hər kəs susur.
38 il İrəvan teatrında çalışmışam. Bu rəqəm sizə heç də az görünməsin. Mən sənətə, eləcə də teatra ömrümü həsr etmişəm. Hazırda işsizəm, teatrlara müraciət etdikdə deyirlər ki, biz nazirlikdən tapşırılan işçiləri götürürük. Hər kəs bilir ki, bu bəhanədir.
– İrəvan Teatrına 38 ilinizi həsr etdiyinizi qeyd etdiniz. Bu il də teatrın 140 yubileyidir. Yubiley ərəfəsində yenidən İrəvan teatrında əvvəlki işinizi davam etdirməyinizlə bağlı danışmısınızmı, müraciət etmisinizmi?
-Həyatımın çox hissəsi İrəvan teatrında keçib. Başqa teatrlara da dəvət aldığım halda mən o teatrdan ayrılmadım. Misal üçüm Akademik Milli Dram Teatrından dəvət alsam da, ora getməmişəm. Hətta oradan aldığım əmək haqqı da İrəvan Teatrından 3-4 dəfə artıq idi. Mən pul naminə çalışmıram. Teatr pul üçün deyil, teatrda elə bir əmək haqqı yoxdur. Mən bu zamana qədər İrəvan teatrının yaşaması, ayaqda qalması üçün çalışmışam.
Teatrın direktoru İftixar Priyevin isə dünya vecinə deyil, istəyir ki, bizi başından etsin. O teatrda artıq yaşlı, sevilən aktyor qalmayıb. İrəvan teatrının indiki vəziyyəti uşaq bağçasını xatırladır. Demirəm ki, orada çalışanların hamısı istedadsızdır, əsla. İstedadlı, peşəkar aktyorlar da var, ancaq İftixar Piriyev onlara inkişaf etməyə imkan vermir.
-Zaman da sözünü deyir, bir müddətdən sonra yaş məhdudiyyətinə görə iş tapmaq da çətin olacaq.
– 5 ildir ki, işsizəm. Bu 5 il ərzində mən bir çox obrazlar canlandıra bilərdim, yaradıcılığımı genişləndirərdim. Artıq məcburam. Sentyabr ayında məni işlə təmin etməzsələr, etiraz edəcəm.
Tək mən deyil bu zamana qədər teardan bütün tanınmış aktyorlar teatrdan uzaqlaşdırıldı. Sonuncu mən qalmışdım, məni də şər-böhtanla çıxartdılar. Teatrın rəhbərliyi uzun illərdir məni aldadıb ki, sənin adını fəxri adlar siyahısına birinci yazıb vermişəm. Sən demə yalan imiş, nazirlikdən mənə bildirdilər ki, sənin adın gəlsin ki, sənə fəxri ad verə bilək. Aldığım məlumata görə, İftixar Piriyev 4-5 nəfərdən fəxri ad verəcəyini vəd edərək onlardan pul alıb. Onlar da cavan uşaqlardı, sənətdə nə ediblər ki, ad da alsınlar.
Qeyd: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Ayşən Azadova
Medianews.az