“Ekoloji cəhətdən həddən artıq ağır vəziyyətə düşəcəyik”.
Bu sözləri Medianews.az-a “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı deyib. Ekspert su qıtlığının əsas səbəblərini açıqlayıb:
“Biz həyəcan təbili çalmaqdan yorulmuşuq. Dünyada su qıtlığının əsas səbəbi qlobal istiləşmədir. Azərbaycanda həm də su ehtiyatları azdır. Qafqazda ən az su ehtiyatı bizdədir. Gürcüstandan 6 dəfə, Ermənistandan 2 dəfə az su ehtiyatlarına malikik. Həmin sular da ölkədən kənar mənbələrdən toplanır. Qlobal quraqlıq güclənsə, mənbə ölkələr daha çox istifadə etməyə başlayacaq və su bizə gəlib çatmayacaq. Həddən artıq ağır vəziyyətə düşəcəyik”.
Elçin Bayramlı vəziyyətdən çıxış yolunu da göstərib:
“Su anbarlarının sayı artırılmalı, artezian quyuları qazılmalı, yeraltı su mənbələrindən istifadə çoxalmalı, dənizkənarı ərazilərdə su şirinləşdirici zavodların tikilməlidir. Biz məişətdə istifadə olunan suları təsərrüfatda istifadə edərək su qıtlığına töhfə veririk. Halbuki dəniz suyundan sənayedə istifadə etmək olar. Yaxşı ki, prezident İlham Əliyev məsələni yenidən dirçəldib. Prezident tapşırıq verib ki, 60-a yaxın SES-lər tikilsin”.
Ekspert ərzaq cəhətdən də təhlükədə olduğumuzu vurğulayıb:
“İndiyə qədər müəyyən işlər görülüb, bir neçə artezian qazılıb, lakin gözlənilən təhlükəyə adekvat deyil. Həm əhalinin istifadəsi, həm də suvarma üçün real təhlükə var. Suvarmada su qıtlığı əkinçiliyə zərbə vuraraq yerli istehsalı sıradan çıxaracaq. Bununla da ərzaq təhlükəsizliyimizin də sonu çatacaq”.
Onun fikrincə, torpaqlarımızın azad edilməsi su ehtiyatlarımızın çoxalmasına kömək edib:
“Tək üstünlüyümüz odur ki, azad olunan ərazilərin su ehtiyatı çox böyükdür. Azərbaycanın su ehtiyatının 30 faizi Qarabağda yerləşir. Orada iri su anbarları var və tikilməkdə də davam edir. Bu su ehtiyatlarından istifadə etmək vacibdir. Bununla Oğuz-Qəbələ-Bakı su kəmərinə olan təzyiqi azalda bilərik”.
Xanlar Əlibəy
Medianews.az