“Daxili turizm get-gedə bahalaşır”.
Bu sözləri Medianews.az-a iqtisadçı ekspert Asif İbrahimov deyib. Ekspert qiymətlərin baha olmasına təsir edən amilləri açıqlayıb:
“Qiymətlərin baha olmasına səbəb istirahət mərkəzlərinin xərclərinin çox olmasıdır. Birincisi istirahət mərkəzlərinin tikintisi baha başa gəlir. Həmçinin işçi qüvvəsinin maaşları, vergilər, kommunal xidmətlərin xərcləri ödənilir. Bunlar da çox xərc tələb etdiyi üçün qiymətlər bahalaşır. İstirahət mərkəzlərinin qazancı xərcini ödəməlidir”.
İqtisadçı qeyd edib ki, tələbə uyğun təkliflər verilir:
“Tələb təklifi formalaşdırır. Əgər bir otelin 10 nəfərlik yeri varsa, ora 500 nəfər müraciət etsə, qiymətlər baha, 200 nəfər müraciət etsə, nisbətən ucuz olacaq. Bu kimi nüanslara görə, Azərbaycanda qiymət artımı müşahidə olunur. Daxili turizm get-gedə bahalaşır”.
Asif İbrahimov Azərbaycanda istirahətin digər ölkələrlə müqayisədə baha olduğunu söyləyib:
“Hazırda rayonlarda otellər tamamilə doludur. Yer axtarıb, tapmırıq. İnsanlar baha da olsa, gedib dincəlirlər. Baxmayaraq ki, ölkəmizdə Türkiyə ilə, Gürcüstanla, hətta bəzi Avropa ölkələri ilə müqayisədə istirahət xərcləri daha bahadır. Zənnimcə, insanların pandemiya dövründə evlərindən kənara çıxa bilməməyi də indi səyahət sayını çoxaldıb”.
Xanlar Əlibəy
Medianews.az