“İşğaldan azad edilmiş ərazilərimiz bərpa edildikdən sonra ümumən ölkəmizin mövcud iqtisadi potensialına təqribən 50 faizədək əlavə güc qatılması imkanı var. Sözsüz ki, bu ilkin hesablamadır. Əlbəttə ki, bunu hərəkətə gətirmək tələb olunur. İlk növbədə infrastruktur yaradılmalı, azad edilmiş ərazilərin potensialının realizəsi məqsədilə tələb olunan ilkin şərtlər həllini tapmalı idi və sair”
Bu sözləri Medianews.az-a açıqlamasında İqtisadçı-ekspert Pərviz Heydərov bildirib. O, qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatı, tikinti sektoru, turizm, şərabçılıq ilkin görünən perespektivli sahələrdir:
“Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı indiyədək qəbul və icra olunmuş Dövlət Proqramlarını misal göstərmək olar. Bölgələrimizin sürətli inkişafı məhz həmin sənədlərin hesabına baş tutub. Qarabağ və Şərqi Zəngəzur da düşmən tərəfindən geyindirilən hisli-paslı cəhənnəm libasından qurtularaq, digər bölgələrimiz kimi inkişaf etmək şansı qazanıb.
Bəs, sözügedən ərazilərimiz iqtisadiyyatın ən çox hansı sahəsində gücümüzə güc qat bilər?! Bu sual çox hazırda orada aparılan yenidənqurma və bərpa işləri fonunda çox aktualdır.
Bu ərazilər ilk növbədə qeyri-neft sektorumuza böyük töhfələr verməklə, özünü kənd təsərrüfatı, onun heyvandarlıq və bitkiçilik sahələrində, həmçinin tikinti materialları əldə etmək üçün zəruri xammal bazası sarıdan, turizmdə, şərabçılıqda göstərməlidir. Həmin zona həmçinin, faydalı qazıntılarla və mineral sularla da zəngindir.
Prezidentin ölkədə iqtisadi rayonların yeni bölgüsünə dair 7 iyul 2021-ci il tarixli fərmanının girişində yazılıb ki, ölkənin şəhər və rayonlarının davamlı və tarazlı inkişafını təmin etmək məqsədilə qəbul edilən regionları sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişdi, regionların iqtisadi potensialı hərəkətə gəldi, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətləri, biznes və investisiya mühiti yaxşılaşdı, əhalinin rifah halı yüksəldi. Və bütün bunların nəticəsində həm də ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrəti güclənərək, 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazanmağımız üçün zəmin yarandı.
Sözügedən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafını təmin etmək üçün də, bütün işləri vahid proqram əsasında aparmaq məqsədilə azad edilmiş rayonlar üzrə müvafiq bölgüyə əsasən ayrıca Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması şərti də bu üzdən ortaya çıxmışdı.
Bir sözlə, təkrar edirəm ki, kənd təsərrüfatı, tikinti sektoru, turizm, şərabçılıq ilkin görünən perespektivli sahələrdir. Lakin bir çox şeylər, iqtisadi potensialdan istifadə imkanlarının gerçəkləşməsi real olaraq ortaya çıxdıqdan sonra üzə çıxacaq. Buna isə getdikcə daha az vaxt qalır”.
Medianews.az