“Tikinti şirkətlərinin maraqları qarşılanmadığı üçün mənzillər bahalaşır”.
Bu sözləri Medianews.az-a Azərbaycan Rieltorlar Birliyinin sədri Elnur Azadov söyləyib. O deyib ki, 2018-ci ildə tətbiq olunan inşaat normativləri bahalaşmaya təkan verib:
“Mənzil qiymətləri 1 ildən çoxdur ki, artmağa başlayıb. Buna müxtəlif amillər təsir edir. 2018-ci ildə tətbiq olunan inşaat normativləri tikinti şirkətlərinin mənafeyinə əksdir. Həmin normativlərlə bağlı mən də, digər ekspertlər də kifayət qədər danışmışıq. Bu kimi normativlər inşaat şirkətlərinin maraqlarına uyğun deyil”.
Ekspert inşaat materiallarının bahalaşmasının da vəziyyətə təsir etdiyini açıqlayıb:
“İnşaat materiallarının qiymətlərinin qalxması və vergi sistemi də tikinti şirkətlərinin maraqlarına uyğun olmayıb. İşğaldan azad olunmuş torpaqlarda inşaat quraşdırma işlərinin başlaması da əsas materialların satışında qiymətlərin artımına səbəb olub. Buna ən çox armatur qiymətləri təsir edib. Digər inşaat materiallarının isə 15-25% civarında qiymətləri artıb. Bu da tikinti şirkətlərinin maya dəyərinə təsir etməyə başlayıb. Ona görə də, qiymət artımı daha çox son 1 ildə müşahidə olunub”.
Elnur Azadov bildirib ki, Ukrayna-Rusiya savaşı da tikinti materiallarının bahalaşmasına səbəb olub:
“Ukrayna-Rusiya savaşının başlaması ilə tikinti materialları bahalaşdı. Bu da dolayı yolla mənzillərin bahalaşmasına təsir edib. Mənzillərin qiymətlərinin artması yerli istehlakçıların cibinə uyğun deyil. Çünki alıcıların pandemiyadan bəri gəlirləri artmayıb. Ona görə də, tikinti şirkətlərinin satış həcmi aşağı düşüb. Əvvəlki illərdən 2 dəfə daha az satış edirlər. Bundan sonra qiymətlərin hansı səmtə gedəcəyini tam şəkildə söyləmək olmur”.
Xanlar Əlibəy
Medianews.az