“Azərbaycanın yaxın müddətdə Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımağı real görünmür”.
Bu sözləri Medianews.az-a politoloq Yeganə Hacıyeva bildirib. O Avropa İttifaqı və beynəlxalq təşkilatların KKTC-yə (red – Şimali Kipr Türk Respublikası) qarşı ikili standart tətbiq etdiyini vurğulayıb:
“Ən yeni tarixdə Azərbaycan və KKTC arasında vətəndaşların bir-birinə dərin hörməti var. Həmçinin son 30 ildə siyasi sferadan kənar iki ölkənin iqtisadi dairələrdə bir-birinə yaxınlaşması həmişə müşahidə olunub. Həmçinin birbaşa dövlət siyasət strategiyası olmasa da, müxtəlif regionlarda birgə biznes sahəsinin inkişafı ilə bağlı müxtəlif layihələr həyata keçir. KKTC əhalisi ilə bizim xalq eyni tarixi, milli , dini və mədəni bağlara sahibdir, bu da iki xalqı bir-birinə yaxınlaşdırır. Azərbaycana qarşı bir sıra maneələr formalaşsa da, biz həmişə beynəlxalq təşkilatlarda KKTC-ni birbaşa və dolayı alətlərlə müdafiə etməyə çalışmışıq. Avropa İttifaqı Kipr məsələsində hər zaman ikili standartlar həyata keçirib. Onlar Yunanıstana və Cənubi Kipr Respublikasına dəstək verərək neytral mövqedən kənarlaşıb. Ona görə də Türkiyə KKTC-yə açıq dəstək verir”.
Politoloq Azərbaycanın KKTC-ni tanıya bilməməsinin səbəbini açıqlayıb:
“Azərbaycanla KKTC arasında görülməli çox iş var. İqtisadi, təhlükəsizlik və diplomatik sahələrdə əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Yenə də Azərbaycan bugünki geosiyasi vəziyyətdə KKTC-nin müstəqilliyini tanıya bilməyəcək. Buna Azərbaycanın BMT-nin beynəlxalq hüquq üçün baza rolunu oynayan əsaslara əməl olunmasında sadiqliyimiz və tələbimiz rol oynayır. Azərbaycan istər BMT təsisatlarında, istərsə də İslam Əməkdaşlıq Təşkilatı və ya sədri olduğu Qoşulmama hərəkatının fəaliyyəti və imkanları çərçivəsində Şimali Kipr Türk Respublikasının inkşafı üçün dəstək verib və verəcək”.
Xanlar Əlibəy
Medianews.az