“Qaçqın statusunun qaytarılmasının müsbət tərəfləri var”.
Bunu Medianews.az-a İrəvan Türk Cümhuriyyətinin başqanı Qafar Çaxmaqlı söyləyib. O bildirib ki, qərbi azərbaycanlıların qaçqın statusunun ləğvi bəzi qüvvələrin maraq dairəsində olub:
“Ermənistandan çıxarılan 300 minə yaxın qərbi azərbaycanlıların qaçqın statusunun bərpası bu gün də aktualdır. Bundan öncəki illərdə də həmişə gündəmdə olub. İrəvan Türk Cümhuriyyəti olaraq qaçqın statusunun ləğv edilməsini heç vaxt düzgün hesab etməmişik. Bərpası ilə bağlı da Milli Məclisə məktublar göndərmişik. İndi belə bir məsələnin qoyulmasını müsbət hal kimi dəyərləndirirəm. Zamanında qaçqın statusunun ləğvindən bəzi qüvvələr kifayət qədər istifadə ediblər”.
Qafar Çaxmaqlı qeyd edib ki, qərbi azərbaycanlıların qaçqın statusunun ləğv edilməsi beynəlxalq mübarizəyə mane olur:
“Şübhəsiz ki, 300 min qaçqının dədə-baba torpaqlarından qovulması və onların statusunun olmaması beynəlxalq aləmdə bizim mübarizəmizə mane olur. Beynəlxalq məhkəmələrdə bəhanə gətirirlər ki, onlar artıq Azərbaycan vətəndaşlarıdır. Status geri qaytarılarsa, qərbi azərbaycanlıların dədə-baba torpaqlarındakı malının, mülkünün haqqını beynəlxalq səviyyədə tələb edə bilərik. Bundan əlavə qaçqın statusunun bərpa edilməsi ilə bir sıra güzəştlər də olacaq. Ona görə də, belə bir statusun olması bizim – qərbi azərbaycanlıların mübarizəsində müəyyən rol oynaya bilər. Milli Məclisdə bunun müzakirə olunacağına inanıram. Qərbi azərbaycanlı ziyalıları və təşkilatları bu məsələni aktiv şəkildə müzakirəyə çağırıram”.
Xanlar Əlibəy
Medianews.az