Son günlər sosial şəbəkələrdə sənət adamları, xüsusən də Xalq artistlərinin “Qarabağa getmək hər bir vətəndaşın haqqıdır”, “Niyə bayram günlərində eyni müğənnilər aparılır?”, “Bəs teatrda, filmlərdə rol alan, çalışan sənətçilər niyə hər dəfə siyahıdan kənarda qalır?”- deyə etirazlarını bildirirlər.
Mövzu ilə bağlı Medianews.az Xalq artisti Afaq Bəşirqızına müraciət etdi. Afaq xanım teatrda çalışan sənətçi həmkarlarının haqsızlıqla üzləşdiyini vurğuladı:
“Doğrudur ki, bu gün işğaldan azad olunan torpaqlara teatrda çalışan, ömürünü sənətə həsr edən çox az sayda aktyorlarımız gedə bilib. Bu il cənab prezidentimiz, Ali Baş Komandanımız tərəfindən “Şuşa ili” elan olunub. Mədəniyyətimizin beşiyi olan Şuşada biri-birindən maraqlı, öz soy kökümüzü, milli-mənəvi dəyərlərimizi davam etdirən yerli, beynəlxalq festivallar keçirilir. Ora tanınan, sevilən sənətkarlarımız dəvət olunsalar da teatr işçiləri dəvət olunanlar arasında azlıq təşkil edir.
Ümumiyyətlə, hesab edirəm ki, teatrlarımıza belə önəmli və mötəbər tədbirlərdə çox az yer verilir. Sanki bu ögey münasibət bizim alnımıza yazılıb.
Bəzən görürük ki, elə müğənnilər “əl bəbək- gül bəbək” kimi əzizlənib, musiqi sənətinin femomeni olurlar ki… O insanlar bu gün daha çox önə çəkilir və hər dəfə belə tədbirlərə dəvət olunurlar. Amma baxırsan ortada sənət deyilən bir şey yoxdur. Çox keçməz, yaxın gələcəkdə bütün bunların hamısının üstü açılar. Buna vais olanlar öz cəzalarını alarlar.
İstəmirəm ki, bu mövzu ilə bağlı sənətçilər, həmkarlarım incik düşsünlər. Hazırda elə bir vəziyyət yaranıb ki, bizim bir-birimizdən inciməyə haqqımız yoxdur. Bizim bir düşmənimiz var- o da mənfur qonşumuz ermənilərdir.
Sözügedən mövzuda isə həkarlarımı dəstəkləyirəm. 30 il dözdük, bir az daha dözək, dostlar. Onda baxaq teatra qarşı olan ögey münasibət dəyişəcəkmi? Görək səhnədə müxtəlif obrazlar yaradan, tarix qəhrəmanları yaşadan, oynadıqları rollarla tarixi, qəhrəman obrazlarını yaşadan, aktyorlarımız yada düşəcəkmi? Musiqiyə geniş imkan vermək, amma teatr sənətinə belə ögey münasibət bəsləmək heç bir azərbaycanlıya yaraşmr. Bu məsələdə məmurların sənət adamlarına münasibəti birmənalı deyil. Qəribədir ki, məmurlar aktyorlardan inciyə, onlara qarşı ögey münasibət bəsləyə və onların yollarını kəsə biləcəklərini düşünürlər. Onları mükafata layiq olduqları adlardan saxlamağa çalışırlar. Bunları edə bilərlər, ancaq onların yaradıcılqlarını əllərindən ala bilməzlər.
Peşəkar, gözəl aktyor sözü Azərbaycan teatr tarixini yazmış, teatr tarixinə adları həkk olunmuş aktyorlara deyilir. Ona görə də onlarla heç kim bacara bilməz. Amma bu “əl bəbək”, “gül bəbək” məsələsini yaxşı düşünməliyik. Güclü alov xırda bir şölədən doğur. Həmin o şöləni zamanında sezmək və onun qarşısını almaq lazımdır”.
Medianews.az